Fevralın 28-də Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, xalq artisti Siyavuş Kərimi Macarıstan səfirliyinin təşəbbüsü ilə Bocska Istvan təhsil mərkəzinin direktoru Kornel Andras Papp və Bach Mindenkinek (Bax hamı üçün) Festivalının direktoru Zalan Laszlo Kovacs ilə görüşüb. Görüşdə Macarıstan Səfirliyinin təhsil və mədəniyyət işləri üzrə diplomatı Mihaly Gruber də iştirak edib.

 

AMK-nın tarixi, strukturu və fəaliyyəti haqqında danışan rektor S. Kərimi ali məktəbin həyata keçirdiyi tədbirlər və Beynəlxalq muğam müsabiqəsi haqqında qonaqlara ətraflı məlumat verib.

 

Daha sonra Bocska Istvan təhsil mərkəzinin direktoru K.A.Papp çıxış edərək Macarıstanda musiqi təhsili müəssələrinin fəaliyyəti, quruluşu və əhatə dairəsindən danışıb.

 

Bach Mindenkinek (Bax hamı üçün) Festivalının direktoru Z. L. Kovacs da öz növbəsində çıxış edərək, festivalın işi haqqında məlumat verib və rektor S. Kərimini bir neçə ay sonra keçiriləcək sözü gedən festivala dəvət edib.

 

Görüşdə  tərəflər arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 

Görüşün ardından qonaqlar AMK-nın binası və ali məktəbdə aparılan tədris prosesi ilə daha yaxından tanış olublar. Qonaqlara konservatoriyanın xor və orkestr kollektivləri göstərilib və dərs prosesi ilə tanışlıq zamanı milli musiqi alətləri haqqında ətraflı məlumat verilib.

 

Səfirliyin nümayəndələri həmçinin konservatoriyanın böyük zalında, Muğam klubda, Milli musiqi alətlərinin təkmilləşdirilməsi laboratoriyasında olublar.