“İstedadlı gənclərin estrada-vokal müsabiqəsi”nin final konserti baş tutub.

 

Noyabrın 19-da Azərbaycan Milli Konservatoriyasında (AMK) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “İstedadlı gənclərin estrada-vokal müsabiqəsi”nin final-qala konserti keçirilib.

 

Layihə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AMK və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə baş tutub. Layihənin ideya müəllifi AMK Tələbə Gənclər Təşkilatının sədri Riad Cəbrayılovdur.

 

Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin Müavini İntiqam Babayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Tədbir, Azərbaycan Dövlət Himninin səslənməsi ilə açıq elan olunub. R. Cəbrayılov çıxış edərək, layihənin gedişatı və finalçılar barədə məlumatı diqqətə çatdırıb.

 

Daha sonra rektor S. Kərimi, nazir müavini İ. Babayev və Ş.İsmayılov çıxış edərək ideya və təşəbbüsə görə gənclərə təşəkkürünü bildiriblər. Qeyd olunub ki, gənclərin belə layihələrdə toplaşması onların mədəni və içtimai zövqünün formalaşmasında, inkişafında olduqca əhəmiyyətli rol oynayır. Bununla bərabər, layihə həmçinin mədəniyyətimizin təbliğinə xidmət edir və belə bir tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinə həsr olunması təqdirə layiqdir.

 

Çıxışların ardından konsertə start verilib. 13 iştirakçı final çıxışlarını təqdim ediblər. Sonda münsiflər heyətinin qərarı ilə qaliblər diplom və sertifikatlarla təltif olunublar.