Mayın 23-də Azərbaycan Milli Konservatoriyasında (AMK) Arif Məhərrəmovun rəhbərliyi ilə Konservatoriyanın “Həmahəng” Xalq çalğı alətləri orkestrinin konserti keçirilib.

 

Konsertdə görkəmli Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

 

Orkestrin bədii rəhbəri Arif Məhərromovla birgə AMK-nın tələbələri – Afaq Vəliməmmədova və Nuranə Bəkirova orkestrin dirijoru qismində çıxış ediblər.

 

Xalq artisti Alim Qasımov və Əməkdar artist Anar Şuşalının orkestr ilə bərabər solo çıxışları dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

 

Konsertdə həmçinin AMK-nın tələbələri Şakir Süleymanov (Tar), Toğrul Orucov (Kamança) və Orxan Zeynalov (Tar) orkestr ilə bərabər solo çıxışlar ediblər.

 

Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edib. Rektor ilk olaraq orkestrin bədii rəhbəri Arif Məhərrəmovun adını qeyd edib və onun üçün xüsusi alqış istəyib. Bildirib ki, hər  iş günü – bütün il boyu onun zəhməti göz qarşısında olub və bu gün aparılan işin müsbət nəticələrinə şahidik. Rektor orkestrin üzvlərini – tələbələri təbrik edib, qazanılan uğurun onlar üçün çox vacib olduğunu diqqətə çatdırıb. Daha sonra Xalq artisti Siyavuş Kərimi müəllimlərə öz təşəkkürünü bildirib, qeyd edib ki, bu konsertlər ona çox böyük sevgi bəxş edir.

 

Çıxış ardından tədbir sona çatıb.