Dekabrın 6-da Azərbaycan Milli Konservatoriyasının Böyük zalında görkəmli bəstəkar, Xalq Artisti Emin Sabitoğlunun 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbir AMK Tələbə Gənclər Təşkilatı və Mədəniyyət Tv-nin birgə təşkilatçılığı ilə baş tutub.

 

Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Fərəh Əliyeva, konservatoriyanın professor-müəllim heyyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Prezident İlham Əliyevin Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən reallaşan tədbirdə əvvəlcə qonaqlar sənətkarın ömür yolunu əks etdirən videoçarxa baxıblar.

 

Tədbirdə giriş sözü söyləyən rektor S. Kərimi Böyük zala yığışan konsert izləyicilərini salamlayıb və sənətkarın yaradıcıllığından danışıb.

 

Daha sonra AMK-nın “Milli vokal” kafedrası tələbələrinin ifasında Emin Sabitoğlunun əsərləri dinlənilib.

 

Konsertdə iştirak edən sənətkarın qızı, Bakı Musiqi Akademiyasının müəllimi, professor Ceyran Mahmudova çıxış edərək, tədbirin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib və ifalardan zövq aldığını söyləyib.

 

Qeyd edək ki, konsert AMK-nın “Milli vokal” kafedrasının müdiri, Xalq artisti Azər Zeynalovun bədii rəhbərliyi ilə hazırlanıb.