31 yanvar 2026-cı il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Azərbaycan Milli Konservatoriyası ilə Filarmoniyanın birgə layihəsi olan “Nəsillərin dialoqu” adlı silsilənin ilk konserti baş tutub.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə giriş sözü ilə çıxış edərək bildirib ki, layihənin “Nəsillərin dialoqu” adlandırılması Azərbaycan Milli Konservatoriyası üçün rəmzi məna daşıyır, çünki ali musiqi təhsili müəssisəsi olaraq Konservatoriyanın əsas missiyasını – nəsillərdən-nəsillərə ötürülən musiqi ənənələrinin qorunmasını, yaşadılmasını, bu irsin gələcək nəsillərə ötürülməsini ifadə edir.
Çıxışının sonunda Kamilə Dadaş-zadə təşəbbüsün irəli sürülməsinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına təşəkkürünü bildirib.
Layihənin ilk konserti Azərbaycan milli musiqi mədəniyyətinin əsas simvollarından biri olan tar alətinə həsr edilib.
Nəsillərin dialoqunu nümayiş etdirən konsertdə ustad qismində AMK-nın uzun illər müəllimi olmuş, hazırda Qarabağ Universitetində fəaliyyət göstərən Əməkdar artist Ələkbər Ələkbərov, onun yetirməsi, AMK-nın müəllimi, beynəlxalq müsabiqələr qalibi İbrahim Babayev və onun tələbələri çıxış ediblər.
Proqramda Ələkbər Ələkbərov, İbrahim Babayev və tələbələri İsmixan Qədirov, Məmməd Əsgərov, Vaqif Səmədov, Vüsal Məmmədovun ifasında muğam sənətinin inciləri və Azərbaycan bəstəkarlarının yaradıcılıqlarından seçmələrlə yanaşı, İbrahim Babayevin müəllifi olduğu “MughaMix”, “Portret”, “Colors of Azerbaijan” kimi müasir musiqinin parlaq nümunələri də yer alıb.
Solistləri tədbir boyu Qabaqcıl təhsil işçisi, AMK-nın baş müəllimi Svetlana Əhmədova (piano), Pərviz Əhmədov (piano) və Vəfadar Ramiz (zərb alətləri) müşayiət ediblər.















