Mayın 30-da  Azərbaycan Milli Konservatoriyasının (AMK) ‘Böyük zal’ında AMK-nın müəllimi, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Salim və tələbələrinin ‘Azərbaycan Sufi Musiqisi’ adlı konserti keçirilib.

 

Konsertdə Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Xalq şairi Sabir Rüstəmxanlı, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, AMK-nın professor-müəllim heyəti, tələbələri və digər dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Tədbiri Fəxrəddin Salim öz çıxışı ilə açıq elan edib və Sufi musiqisinin əsas mahiyəti, tarixi barədə məlumat verib. Bildirib ki, musiqi heç vaxt ənənəvi olmayıb, əgər ənənəvidirsə o artıq musiqi deyil. O, bizi hər gün, hər saat yormayan günəş və ay kimi yenidir.

 

Tədbir daha sonra konsert proqramı ilə davam edib.

 

Konsertdə Fəxrəddin Salim tərəfindən Azərbaycanın görkəmli şairlərinin (İ.Nəsimi, Ş.İ.Xətai, M. Füzuli, Ə.Vahid) qəzəllərinə yazılmış musiqilər səslənib. AMK-nın tələbələrindən ibarət ansambl və Fəxrəddin Salimin saz musiqi alətində ifa etdiyi Sufi musiqiləri böyük maraqla qarşılanıb.

 

Tədbirdə çıxış edən rektor Siyavuş Kərimi bildirib ki, Fəxrəddin Salim ilk öncə böyük alimdir və olduqca vacib araşdırmalar aparmışdır. Belə görsənir ki, onun yaradıcılıq təşəbbüsü tələbələrdə böyük maraq oyadıb. Bu səbəbdən onu təbrik edirəm və belə konsertlərin davamlı olmasını arzu edirəm.

 

Daha sonra səhnəyə dəvət olunan Xalq şairi Sabir Rüstəmxanlı, Sona Vəliyeva, filologiya elmləri doktoru Xaliyyəddin Xəlil və AMK-nın Elmi İşlər üzrə prorektoru Lalə Hüseynova Fəxrəddin Salim yaradıcılığı və təqdim olunan konsert barədə öz fikirlərini səsləndiriblər.

 

Tədbir, Fəxrəddin Salimin konsertdə iştirak edən qonaqlara təşəkkürünü bildirməsi ilə sona çatıb.

 

Qeyd edək ki, bu artıq Fəxrəddin Salimin AMK-da müəllifi olduğu 2-ci böyük tədbirdir.