AMK-nın nəzdində “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyası da 2003-cü ildən yaranıb. Yarandığı ilk illərdə (2005-2011) Abbasqulu Nəcəfzadə bu laboratoriyaya rəhbərlik etmiş, 2011-ci ildən etibarən isə Məmmədəli Məmmədovun rəhbərliyi altında daha çox tədqiqat-istehsalat istiqamətində inkişaf etmişdir.
Laboratoriyanın əsas tədqiqat istiqaməti milli musiqini yeni yaranan musiqi alətlərində səsləndirilməsi, Azərbaycan milli musiqi alətlərində ifaçılığa mane olan çatışmazlıqların aradan qaldırılması, yəni, alətlərin təkmilləşdirilməsi, alətin kövrəkliyinin aradan götürülməsi və ifaçılıqda problem yaratmayan, mükəmməl musiqi alətlərinin, bütün registrləri əhatə edə biləcək alət ailələrinin yaradılmasıdır.
“Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının əməkdaşları elmi araşdırmalarla məşğul olur, müxtəlif konfrans və simpoziumlarda daim iştirak edir, tədqiqat işləri aparır, xalq çalğı alətlərinin rekonstruksiyası, bərpası, yeni diapazonlu milli alətlərin yaranması sahəsi ilə məşğul olur. Mövcud olduğu illər ərzində laboratoriya milli alətlərlə bağlı əsasən 3 istiqamətdə fəaliyyət göstərib:
1. Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi
2. İstifadədə olan alətlərin qüsurlarının aradan qaldırılıb təkmilləşdirilməsi
3. Yeni dövr tələblərinə uyğun gələn yeni alətlərin yaradılması.
Aparılmış bütün bu tədqiqat və istehsalat işlərinin nəticəsi olaraq laboratoriya rəhbəri Məmmədəli Məmmədov 70-ə yaxın aləti müəllif hüquqları agentliyində qeydiyyatdan keçirərək sertifikat almışdır.
Bütün araşdırma işləri dəqiq elmi hesablamalar və alətlərin ölçü əmsallarının çıxarılması yolu ilə aparılır. Nəticədə ölkədə mövcud olan alətlərin quruluşu və səslənməsində uyğunluq əldə ediləcək və yeni alətlər müvafiq əmsallara nəzərən hazırlanacaq.
Qədim alətlərin bərpası və təkmilləşməsi işi əlbəttə ki, qədim risalələr, yazılı və şifahi mənbələrin öyrənilməsinə əsaslanır. Alətlərin təkcə görkəmi deyil, həmçinin tembrinin orijinala yaxın olmasına, eləcə də alətin dinləyicidə oyada biləcəyi emosional təsirinin də müvafiq olmasına cəhd edilir. Bərpa edilmiş alətlərdən təkmilləşmiş çəng, tac santur, həsa, əsa, çovqan, rübab, ruhəfza, şahrud, ərğənun, bərbət, donqar, rud, şıdırğı kimi alətləri nümunə göstərə bilərik.
Artıq məişətimizdə, ifaçılıqda istifadə olunan alətlərin təkmilləşməsi işində vahid əmsal əldə etməkdən savayı alətlərin yeni, daha keyfiyyətli müasir materiallardan hazırlanması məsələsi də diqqət-nəzərdədir. Bu işin sayəsində maddi cəhətdən daha əlverişli alətlər, simləri daha davamlı, məsələn şagirdlər üçün xüsusi olaraq tar, kamança, saz aləti hazırlamaq mümkün olacaq.
Mövcud alətlərin təkmilləşməsi prosesi bu gün artıq alət ailələrinin yaradılması işini də gündəmə gətirdi. Bəm və zil registrin bütün diapazonunu əhatə edən alət ailələrinin yaranma- sı və xalq çalğı alətləri orkestrinin tərkibinə daxil edilməsi sayəsində orkestrin səslənməsini simfonik orkestr səviyyəsinə çatdırmaq nəzərdə tutulub. Laboratoriyanın səyi nəticəsində artıq tar, kamança, saz və balaban alət ailələri ifaçılıq praktikasında geniş istifadə edilir.
Azərbaycan milli çalğı alətlərində ifaçılığın geniş vüsət alması həmçinin yeni tembr və yeni dövr tələblərinə uyğun gələn alətlərin yaranmasını da şərtləndirir. Mövcud alətlərin yeni elektron versiyaları da tamam yeni tembr səsləndirdiyinə görə artıq yeni alət kimi qəbul edilir (Məsələn, elektro akkord tar, “Azərbaycan” elektro musiqi aləti, Ay kaman elektro kamança, elektro silindr kamança, Rəmiş elektro alət kimi). Yeni yaranan alətlərdən dörd- künc davul, dördkünc balaban, Qarabağ kamanı, İrs, Ud-mən, Ay-ulduz, Sevgililər, Zil-bəm kamança, Yaylı bəm tar, Şimşək, Möhtəşəm, Qoşaçanaq bas kamança, Cütçanaq kamança alətlərini sadalaya bilərik. Yaranan, yaxud təkmilləşən hər yeni alət laboratoriyada AMK-nın pedaqoji kollektivi, mötəbər ifaçılar tərəfindən sınaqdan keçirilir və ifa xüsusiyyətlərinə görə xasiyyətnamə əldə edir.
Laboratoriyanın hazırki rəhbəri Məmmədəli Məmmədov yeni elektron musiqi alətlərinin yaradılması, qədim çalğı alətlərimizin təkmilləşdirilməsi, bərpası ilə məşğul olur. Onun laboratoriyaya rəhbər təyin olunmasından sonra geniş elmi araşdırmalar aparılmış və müsbət nəticələr əldə olunmuşdur. M.Məmmədovun musiqini dərindən duya bilməsi, simli musiqi alətlərində ifa etmək və ixtiraçılıq qabiliyyəti, mühəndislik peşəsi sahəsində ixtisaslaşması milli musiqi alətlərimizdə düzgün və tələb olunan istiqamətdə təkmilləşmə işlərini yerinə yetirməsinə böyük kömək göstərmişdir. M.Məmmədovun kolleksiyasında müəllifllik hüququnun ona məxsus olduğunu təsdiqləyən sənədlərə malik 17 adda musiqi aləti vardır. Alətlərin hər biri Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçib. Onun və laboratoriya əməkdaşlarının birgə səyi nəticəsində ilk dəfə olaraq kamaça və tarlardan ibarət musiqi alətləri ailəsi yaradılıb. 2004-cü ildə kamança musiqi alətinin “bəm kaman” növü və qədim musiqi alətimiz olan balabanın bas, tenor və pikkolo variantları hazırlanmış və həmin alətlərin Azərbaycan Bəstəkarlar İttifaqında təqdimatı olmuşdur. Onu da qeyd etməliyik ki, bu alətlər AMK-nın rektoru, Azərbaycan Respublikasının xalq artisti, professor Siyavuş Kəriminin rəhbərliyi və ideyaları əsasında hazırlanmışdır.
2010-cu ildən başlayaraq laboratoriyada yeni musiqi alətlərinin yaranması və təkmilləşməsi daha böyük vüsət almışdır. “Çəng”, “Kamança”, “Tar”, “Davul”, “Santur”, “Qanun”, “Balaban”, “Zurna” M.Məmmədov tərəfindən təkmilləşdirilmişdir. Bunlarla yanaşı o, həm də yeni musiqi alətlərini yaratmışdır. “Udmən”, “Azərbaycan santuru”, “Dördkünc balaban”, “Meydan nağara”, “Təkmilləşmiş dördkünc təbil”, “Bas kamança”, “İki kameralı kamança”, “Kontur kamança”, “Bəm Kamança”, “Zil-bəm kamança”, “Elektro Kaman”, “Dəf kaman”, “Bas tar”, “Elektrotar”, “Akkord tar”, “Kontur tar”, “Qoşaqol ud” (Sevgililər), “Qopuz”, “Yaylı qopuz”, Bərpa olunmuş “Yaylı rübab”, “Əsa”, “Həsa”, “Xromatik qanun” “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında yeni yaranan musiqi alətləri sırasına daxildir.
Laboratoriyanın əməkdaşları elmi araşdırmalarla məşğul olur, müxtəlif konfrans və simpoziumlarda iştirak edir, tədqiqat işləri aparır, xalq çalğı alətlərinin rekonstruksiyası, bərpası və geniş diapazonlu milli musiqi alətlərin yaradılması ilə məşğul olurlar. Bu illər ərzində laboratoriyamızın ustalarının yüksək peşəkarlıqlarını və bu işlərin icrasında yaxından iştirak etmələrini xüsusi qeyd etmək istərdik.