Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümüdür. Ulu Öndərin dünyadan köçməsindən 22 il ötür. O, xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin fədakar qurucusu, ölkəmizi dünyanın qabaqcıl dövlətləri ilə bir müstəviyə çıxarmağı bacaran, Azərbaycanın üçrəngli bayrağını ən nüfuzlu ölkələrin bayraqları ilə bir sırada dalğalandıran, yüksək məfkurəli və yenilməz siyasi xadim olmaqla yanaşı, Azərbaycan mədəniyyətinin, incəsənətinin və musiqisinin böyük himayədarı olmuşdur.
Heydər Əliyevin güclü siyasi düşüncəsi və zəngin elmi bilikləri demək olar ki, bütün sahələri əhatə edirdi. Onun xalqın rifahı naminə həyata keçirdiyi misilsiz fəaliyyət ölkəmizin tarixində silinməz izlər qoymuşdur. Xüsusilə mədəniyyətimizin inkişaf mərhələlərinin əsas istiqamətləri Heydər Əliyevin adı ilə bağlıdır.
Milli-mənəvi sərvətlərimizin qorunması, onların sistemli şəkildə inkişaf etdirilməsi, elm və incəsənət xadimlərinə göstərilən xüsusi diqqət və qayğı, müxtəlif mədəniyyət sahələrinə dair dəyərli fikirlər söyləməsi, mühüm qərar və sərəncamlar imzalaması, həmçinin xalqının incəsənətini, musiqisini və ədəbiyyatını dərindən bilməsi onun liderlik portretinin müstəsna xüsusiyyətlərindəndir.
Heydər Əliyevin mədəniyyətə, xüsusilə musiqi sənətinə göstərdiyi həssas və sistemli münasibət musiqi tariximizin böyük bir qolunu təşkil edir. Onun musiqi haqqında səsləndirdiyi fikirlər həm ideya, həm də estetik baxımdan dərin məzmun kəsb edir. Ulu Öndərin bu istiqamətdə söylədiyi dəyərli sözlərdən biri belədir:
“Mədəniyyət, musiqi xalqımızın ən dəyərli sərvətlərindən biridir. Mədəniyyət hər bir xalqı dünyada daha da çox tanıdan, onu təbliğ edən vasitələrdən biridir. Biz isə xoşbəxtik ki, xalqımızın belə zəngin mədəniyyəti, musiqisi, incəsənəti var və bunlar həm xalqımızın özünə mənəvi qida verir, həm də onu dünya xalqları içərisində fərqləndirir, tanıdır, başını ucaldır.”
Təsadüfi deyil ki, Azərbaycan Milli Konservatoriyası Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyev tərəfindən 13 iyun 2000-ci il tarixli Fərmanı ilə təsis edilmişdir. 2001-ci il 10 avqust tarixində Prezident Heydər Əliyev tərəfindən AMK-nın maddi-texniki bazasının yaradılması ilə bağlı əlavə sərəncam imzalanmışdır. Bu sərəncam Konservatoriyanın strukturlaşdırılması və funksional şəkildə fəaliyyətə başlaması üçün əsas hüquqi və praktiki baza rolunu oynamışdır. Azərbaycan Milli Konservatoriyası milli musiqi ənənələrinin qorunması və inkişaf etdirilməsi, eləcə də yeni nəsil musiqi mütəxəssislərinin hazırlanması məqsədi ilə fəaliyyət göstərir. Bununla yanaşı, musiqi sahəsində elmi tədqiqatların aparıldığı, musiqi irsinin sistemləşdirildiyi və gələcək nəsillərə ötürüldüyü mühüm bir elm-mədəniyyət mərkəzi kimi çıxış edir. Bu nailiyyətlər milli musiqimizin inkişafına böyük töhfə vermiş, Konservatoriyanı əsl musiqi məbədinə çevirmişdir.
Bütün bunlar Heydər Əliyevin uzaqgörən siyasətinin parlaq nəticəsidir.
Azərbaycan Milli Konservatoriyası olaraq, Konservatoriyanın yaradıcısı olan əvəzolunmaz şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevi dərin hörmət və sonsuz ehtiramla yad edirik.
