Azərbaycan Milli Konservatoriyasının (AMK) tərəfdaşları sırasına daha bir dövlət qrumu qoşulub. Belə ki, aprelin 5-də AMK və Beynəlxalq Muğam Mərkəzi (BMM) arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

 

Mərasimdə AMK-nın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova çıxış edib. L. Hüseynova bildirib ki, artıq uzun illərdir ki, BMM ilə Konservatoriya arasında əməkdaşlıq davam edir və həyata keçirilən birgə layihələr nəticəsində bir çox uğurlar əldə edilmişdir. Muğam mərkəzində AMK tərəfindən təqdim olunan milli musiqi alətlərinin sərgilənməsi də buna ən gözəl nümunələrdən biridir deyə professor əlavə edib.

 

Hüseynovanın çıxışının ardından AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi və BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov sənədlərinin imzalanması üçün masa arxasına dəvət olunublar. Tərəflər çıxış edərək birgə əməktaşlığın əhəmiyyətini diqqətə çatdırıblar. Bildirilib ki, hər iki milli mədəniyyət mərkəzi dost qrumlardır və atılan belə bir addımla əməkdaşlıq daha da möhkəmlənmişdir. Çıxışın ardından xalq artistləri S. Kərimi və M. Hüseynov tərəfindən sənədlər imzalanıb.

 

Memorandumun məqsədi iki qurum – Beynəlxalq Muğam Mərkəzi və Azərbayan Milli Konservatoriyası arasında qarşılıqlı faydalı mədəni əlaqələrin möhkəmləndirilməsi, yeni yaradıcılıq mühitinin formalaşdırılmasıdır. Tərəflər bu qənaətdədirlər ki, qarşılıqlı əməkdaşlıq Azərbaycan milli musiqisinin inkişafı və təbliği işinin təkmilləşdirilməsinə xidmət edəcəkdir.

 

Mərasimin sonunda AMK-nın tələbə xorunun çıxışı yer alıb. Xorun dirijoru, AMK-nın dosenti Təranə Yusifovanın  rəhbərliyi ilə tələbə xoru “Koroğlu” operasından Çənlibel əsərini səsləndirib.