Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan uşaqlara həsr edilən “Fərqli fərdlər” adlı himnin klipinin növbəti təqdimat mərasimi AMK Konsert və kütləvi tədbirlər departamentinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına böyük zalında baş tutub. Tədbiri giriş sözü ilə AMK-nın elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova açıq elan edib. Layihənin əhəmiyyətini məxsusilə vurğulayan prorektor, AMK-nın bu təşəbbüsünə görə məmnunluğunu bildirilib. Ardınca “Ümid var” İnklüziv Yaradıcılıq birliyinin rəhbəri Nazilə Məhərrəmova layihə haqqında ətraflı məlumat verib. Təqdimat mərasimini Nuranə Abıyeva idarə edib.
Qeyd edək ki, layihə Mədəniyyət Nazirliyinin dəstəyi, “Ümid Var” İnklüziv Yaradıcılıq Birliyi və “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib. Klipin ərsəyə gəlməsində “Ümid Var” İnklüziv Yaradıcılıq Birliyinin üzvləri də iştirak ediblər. Himnin musiqisi AMK-nın məzunu, bəstəkar Tural Məmmədliyə, sözləri isə Leyla Quliyevaya məxsusdur. “Fərqli fərdlər” himnini xalq artisti, AMK-nın Muğam (Xanəndə) kafedrasının professoru Alim Qasımov, əməkdar artist Fərqanə Qasımova və 15 nəfərdən ibarət inklüziv uşaq xoru ifa edib. Klipin təqdimat mərasimində inklüziv uşaqların təqdimatında maraqlı nömrələr nümayiş etdirilib. Qeyd edək ki, iştirakçılar arasında AMK-nın İfaçılıq fakültəsinin Xanəndəlik ixtisası üzrə I kurs tələbəsi Rəvanə Ağamirova da yer alıb.