İordaniya dinləyicilərinə Azərbaycan Milli musiqisi təqdim olunub.
İyulun 12-də Azərbaycan Milli Konservatoriyası (AMK) və İordaniya Haşimilər Krallığı ‘Abdul Hameed Shoman Fondu’nun birgə təşkilatçılığı ilə paytaxt Amman şəhərində böyük konsert keçirilib.
Amman şəhərinin tarixi Odeon Teatrında keçirilən konsertdə İordaniya Haşimilər Krallığı Milli Orkestrinin ifasında Azərbaycan Milli musiqiləri səsləndirilib. Konservatoriyanın müəllimi, dosent, Əməkdar artist Fəridə Məlikovanın Kamança musiqi alətində Milli musiqilərimizi ifa etməsi dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Fəridə Məlikova eyni zamanda Orkestr ilə birgə Ərəb muğamlarını səsləndiriblər.
Konsertin başlıca məqsədi iki ölkə arasında mədəni əlaqələri daha da inkişaf etdirmək və yerli tamaşaçıları Azərbaycan Milli musiqisi ilə tanış etmək olub.
Konserti, dəvət olunmuş yerli musiqiçilər habelə musiqisevərlər izləyiblər.
Qeyd edək ki, konsertin layihə rəhbəri AMK-nın Ümumi şöbəsinin müdiri Şəlalə Rzayevadır.