Dekabrın 12-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının (AMK) birgə təşkilatçılığı ilə dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

 

Mərasimdən öncə AMK-nın kollektivi Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

 

Təhsil Nazirliyi rəhbərliyinin, ali təhsil müəssisələri rektorlarının və təhsil ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi mərasimdə AMK-nın müəllimlərinin ifasında ümummilli lider Heydər Əliyevin sevdiyi mahnılar, musiqilər səsləndirilib.

 

Tədbirdə ilk olaraq Ulu Öndərin həyatından və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

 

Tədbirdə çıxış edən AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, ümummilli lider Heydər Əliyevin fəaliyyətindən, onun müasir Azərbaycan dövlətinin qorunub saxlanması və inkişafındakı rolundan bəhs edib. Rektor bildirib ki, Heydər Əliyevin Azərbaycan milli musiqisinə sevgisi çox böyük olub və sənət adamları onun mədəniyyətimizə olan xoş münasibətini daim hiss ediblər. Konservatoriyanın yaradılmasının da birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan rektor Siyavuş Kərimi, məhz Ulu Öndərin istəyi ilə AMK-nın qurulduğunu diqqətə çatdırıb.

 

Xalq artisti Siyavuş Kəriminin çıxışının ardından anım mərasimi musiqi proqramı ilə davam etdirilib.