Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına böyük zalında 2 fevral – Gənclər gününə həsr olunmuş konsert keçirilib. Tədbirdə AMK-nın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə açaraq, gənclərin Azərbaycan mədəniyyətinin gələcəyini formalaşdıran əsas qüvvə olduğunu qeyd edərək, gənc musiqiçilərin Azərbaycan milli kimliyinin və mədəni irsinin təbliğində xüsusi rol oynadığını bildirib.
Rektor, həmçinin, 44 günlük Vətən müharibəsində gənclərin göstərdiyi misilsiz qəhrəmanlıqdan söz açaraq, onların təkcə mədəniyyət və incəsənət sahəsində deyil, eləcə də döyüş meydanında mühüm uğurlar qazandığını vurğulayıb.
AMK-nın tələbələrinin iştirakı ilə hazırlanan “Milli gənclər” adlı qısa filmin nümayişi ilə davam edən tədbiri tələbələrin maraqlı ifaları müşayiət edib.
Populyar Musiqi və Caz kafedrasının müəllimi, Əməkdar artist Şölə Səfərəliyeva, tələbələri ilə çıxışdan öncə, ilk səhnə təcrübəsinin məhz Gənclər gününə təsadüf etdiyini dilə gətirib. Ardınca, yetirmələri ilə birgə ifaları səslənib.
AMK-nın istedadlı gənc tələbələri – Əfsanə Abdullayeva, Gülnar Həsənova, Nigar Rəhimova, Kənan Əliyev, Sahilə Həsənova, Fatimə Əlizadə, Şəms Baxşəliyeva, Qalib Bayramov, Anara Məmmədova, Araz İmanov, Günel Qasımova, Leyla Ulubəyli, Babək Əfəndi, Sevil Əsədullayeva, VIII Muğam Televiziya Müsabiqəsinin qalibi Ülkər Abdullayeva yaddaqalan çıxışlar nümayiş etdiriblər.
Sonda AMK-nın rektoru Kamilə Dadaş-zadə yenidən çıxış edərək kompozisiyanın və qısa filmin ərsəyə gəlməsində əməyi olan əməkdar artist Ramil Qasımova və müşavir Riad Quliyevə təşəkkürünü bildirib. Azərbaycan Milli Konservatoriyasının gənc tələbələrini məxsusi gün münasibətilə təbrik edib, onlara gələcək sənət yolunda yaradıcılıq uğurları arzulayıb. Qeyd edib ki, “Bugünkü çıxışları dinləyərək əmin oldum ki, bizim musiqimizin gələcəyi etibarlı əllərdədir.”
Azərbaycan Milli Konservatoriyasının kollektivi adından əziz və istedadlı tələbələrimizi Gənclər günü münasibətilə təbrik edirik. Onlara çətin, bir o qədər də şərəfli sənət yolunda müvəffəqiyyət diləyirik!