Azərbaycan Milli Konservatoriyasının əməkdaşları 16 noyabr 2025-ci il tarixində “Huma quşu” Təhsilə Yardım Fondunun təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasının Opera Studiyasında keçirilən “Səsimiz səsindir, Humay!” adlı xeyriyyə tədbirində iştirak ediblər.

Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının əməkdaşları – Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Əməkdar artistlər Təyyar Bayramov və Nuriyyə Hüseynova, müəllimlər Pərviz Fərhadov, Aytən Məhərrəmova, konsertmeyster Ədalət Behbudov, eləcə də AMK-nın məzun və tələbələri — Əməkdar artist Arzu Əliyeva, Televiziya Muğam Müsabiqəsinin qalibləri Xəyal Hüseynov, Ayşən Mehdiyeva, Günay İmamverdiyeva və Səyyar Teymurov xalq musiqisindən və bəstəkar yaradıcılığından nümunələr səsləndiriblər.

Qeyd edək ki, konsert və sərgidən əldə olunan vəsait tam şəkildə tələbələrin təhsilinə yönəldilib. Azərbaycan Milli Konservatoriyasının kollektivi adından təşəbbüsü dəstəkləyir və gənclərin təhsilinə yönəlmiş bu kimi layihələrin davamına töhfə verməyə hazır olduğumuzu bildiririk.