10-13 mart tarixlərində Azərbaycan Milli Konservatoriyasında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində V Beynəxlxalq Muğam Müsabiqəsi keçirilib.
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşan və dörd gün davam edən müsabiqəyə 15-dən çox ölkə qatılıb.
Müsabiqənin açılış mərasimi martın 10-da Azərbaycan Milli Konservatoriyasının Böyük zalında olub.
Müsabiqədə iki əsas bölmə – “Vokal” və “İnstrumental” bölmələri üzrə Azərbaycan, İran, İraq, İsrail, İordaniya, Qazaxıstan, Mərakeş, Misir, Moldova, Özbəkistan, Suriya, Tacikistan və Türkiydən olan musiqiçilər mübarizə aparıblar.
Açılış mərasimində konservatoriyanın rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi çıxış edərək muğamın qorunması və təbliğində festivalın müstəsna rolunu qeyd edib. Bildirib ki, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı ölkəmizdə artıq ənənəyə çevrilmiş böyük musiqi tədbirlərinin növbəti uğurlu hadisəsidir. Müxtəlif ölkələrdən gəlmiş muğam ustalarının çıxışları muğamın nə qədər böyük, zəngin və müxtəlif xalqların ənənələrini birləşdirən bir incəsənət növü olduğunu bir daha sübut edir.
Xalq Artisti muğam sənətinin dərin köklərdən, tarixi sınaqlardan uğurla keçərək müasir dövrdə tamamilə yeni bir səviyyəyə qalxmasından danışıb. Bunun Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın danılmaz əməyinin nəticəsində mümkün olduğunu xüsusilə qeyd edib: “Qloballaşan müasir dövrdə ənənəvi sənətin, milli dəyərlərin hifz olunması xüsusi önəm daşıyır. Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun böyük səyləri nəticəsində milli musiqi sərvətimizin qorunması və inkişafı, dünyaya tanıdılması sayəsində müstəsna işlər görülür. Muğam sənəti ilə bağlı çoxşaxəli layihələr bunun bariz nümunəsidir. Bu zəngin şifahi ənənənin layiqincə yaşaması isə bilavasitə muğam daşıyıcılarından – ustad xanəndə və sazəndələrdən, onların istedadlı şagirdlərindən asılıdır. Artıq ənənəyə çevrilən müsabiqə muğam dünyasına yeni ifaçılar, mahir və istedadlı sənətkarlar bəxş edib. Onların müsabiqədəki qələbələri bu çoxçalarlı sənəti beynəlxalq miqyasda layiqincə təmsil etmək üçün möhkəm zəmin yaradıb. Əminik ki, beşinci dəfə keçirilən Beynəlxalq Muğam müsabiqəsi də yeni istedadları aşkar edəcək, onların yolunu böyük səhnələrə açacaq”.
Müsabiqənin açılış mərasimindən sonra püşkatma olub və iştirakçıların ifaları dinlənilib.
İfaçıları Xalq Artisti Siyavuş Kəriminin sədrliyi ilə beynəlmiləl tərkibli münsiflər heyəti qiymətləndirib. Münsiflər heyətinin tərkibinə Türkiyədən Mehmet Bitmez, Tacikistandan Abduvali Abdurashidov, İrandan Farhad Fakhreddini və Polşadan Piotr Pucylo daxildir.
Festival çərçivəsində, müsabiqənin birinci günündə Azərbaycan Milli Konservatoriyasında “Qarabağ” muğam qrupunun konserti olub.
Martın 10-u saat 20:00-da baş tutan konsertdə Xalq Artisti Mənsum İbrahimov və onun tələbələri – Əməkdar Artist Təyyar Bayramov, xanəndələr Aytən Məhərrəmova və Arzu Əliyeva çıxış ediblər. Muğam ifaçılarını Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara), eləcə də Süleyman Əliyev (balaban), İdris Hüseynov (ud), Kamran Novruzov (bas tar), Samir Əzimov (bas kamança) müşayiət ediblər. Konsert böyük maraqla qarşılanıb.
Martın 11-i müsabiqənin növbəti günündə birinci turun ikinci hissəsi baş tutub. Müsabiqənin ilk turunun nəticələrinə əsasən 28 iştirakçıdan 18-i növbəti – ikinci turda iştirak etmək hüququ qazanıb, bununla da müsabiqənin ilk turu başa çatıb.
Həmin gün saat 20:00-da münsiflər heyyətinin üzvü, Türkiyənin görkəmli Ud ifaçısı, bəstəkar Mehmet Bitmezin solo konserti keçirilib. Bəstəkarın ifaları konsert dinləyicilərində böyük maraq doğurub.
Martın 12-də müsabiqənin 2-ci turuna başlanılıb. Müsabiqənin son turu hesab olunan həmin gündə 18 iştirakçı münsiflər heyəti tərəfindən dinlənilib. Gərgin seçimlərin sonunda qaliblərin adları açıqlanıb.
Həmin gün saat 20:00-da tanınmış qarmon ifaçısı, Xalq Artisti Ənvər Sadıqovun bədii rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblı “Təəssürat” konsert proqramı ilə çıxış edib.
Konsert Azərbaycan Milli Konservatoriyasının Böyük zalında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində reallaşıb.
Konsertdən əvvəl konservatoriyanın rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi çıxış edərək muğamın qorunması və təbliğində festivalın müstəsna rolunu qeyd edib. Bildirib ki, Müxtəlif ölkələrdən gəlmiş muğam ustalarının çıxışları muğamın nə qədər böyük, zəngin və müxtəlif xalqların ənənələrini birləşdirən bir incəsənət növü olduğunu bir daha sübut edir.
Tədbirdə, həmçinin rektor Siyavuş Kərimi münsiflər heyyətinin üzvü, İran klassik musiqisinin yaradıcılarından hesab olunan Farhad Fakhreddinini 80 illik yubileyi münasibətilə təbrik edib və ona konservatoriyanın fəxri medalını təqdim edib.
Konsert proqramında isə Azərbaycan ilə yanaşı, dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar səsləndirilib. “Üç gündən bir, beş gündən bir”, “Arı uçuşu”, “Ay nanə”, “Vals papuri”, “Uzun dərə”, “Şalaxo”, “Lay-lay”, “Naxçıvan”, “Təəssürat”, “Nueva”, “Çahargah rapsodiyası”, “İthaf” və başqa əsərlər yerli və xarici tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsertdə Xalq Artisti Ənvər Sadıqovun (qarmon) bədii rəhbərliyi ilə Ələkbər Ələkbərov (tar), Emil Əfrasiyab (piano), Ramin Həsənov (skripka), Taleh Ağayev (elektro piano), Abbas Səfərov (nağara), Nicat Bayramov (zərb alətləri), Orxan Musayev (nəfəs alətləri) və Elcan Cəbrayılov (bas-gitara) çıxış ediblər.
Martın 14-də isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının yekun konsertində festival çərçivəsində keçirilən müsabiqə qalibləri mükafatlandırılıb.
Solo-muğam ifaçılığı üzrə azərbaycanlı xanəndə Elsevər Muradov və özbəkistanlı ifaçı İlyos Arabov birinci yerə layiq görülüblər. Tacikıstan təmsilçisi Sardor Soliyev və azərbaycanlı Pərviz Qasımov ikinci yeri tutublar. Üçüncü yerə Qazaxıstan Respublikası Uyğur Dövlət Akademik Musiqili Komediya Teatrının orkestr üzvləri layiq görülüblər.
İnstrumental muğam ifaçılığı üzrə isə Azərbaycan musiqiçisi Nurlan Cəbizadə birinci, Aria Mohafez (İran) və Elnur Mikayılov (Azərbaycan) ikinci, Otajon Akramov və Azamat Ergaşev (Özbəkistan) üçüncü yerlərə layiq görülüb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, festivalın bədii rəhbəri, Xalq Artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinin sədri, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi qaliblərə diplom və pul mükafatı təqdim ediblər.
Müsabiqədə iştirak edən İsrail ifaçısı Noam Dayan, Misir təmsilçisi Omer Abdo və Azərbaycanlı qanun ifaçısı Arifə İmanovaya Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi mükafatlar verilib.
Bütün qalibləri təbrik edən Əbülfəs Qarayev artıq ənənəyə çevrilən bu festivalın keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qeyd edib ki, münsiflər tərəfindən seçilən ən layiqlilər muğam sənətinin daha böyük coğrafiyada təbliğinə öz töhfələrini verəcəklər.
Nazir deyib: “Bu festival artıq 3 ildən bir keçiriləcək və biz indidən növbəti festivala hazırlaşmalıyıq”.
Sonra bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və muğam müsabiqəsinin qalibləri çıxış ediblər.
Bağlanış mərasimində Azərbaycan və Qazaxıstan musiqiçilərinin Novruz hədiyyəsi kimi təqdim etdikləri “Sarı gəlin” xalq mahnısı gecəyə xüsusi rəng qatıb.
Bununla da “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı başa çatıb.