24 dekabr tarixində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına konsert zalında Milli Vokal Kafedrasının baş müəllimi, Respublikanın Əməkdar artisti, Zenfira İsmayılovanın tələbələrinin iştirakı ilə “Qışın ilk klassik gecəsi” adlı konsert proqramı təqdim olunub.
Tədbirin girişində Xalq artisti, professor Azər Zeynalov və Əməkdar artist Zenfira İsmayılova konsert proqramının ideya-bədii məzmunu barədə danışaraq, təqdim olunan repertuarın gənc ifaçıların formalaşmasında klassik vokal məktəbinin əhəmiyyətini əks etdirdiyini vurğulayıblar.
Konsertdə Azərbaycan Milli Konservatoriyasının professor-müəllim və tələbə heyəti iştirak edib.
Azərbaycan Milli Konservatoriyasının Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzinin mütəxəssisi, TEC sədri Zeynəb Bağırın aparıcılığı ilə Yeni il abu-havasında təqdim olunan konsert proqramında Azərbaycan və klassik Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Konsert proqramında tələbələr Mikayıl Nəsirov, Günel Əsədova, Aysel Hüseynova, Ləman Əhmədova, Turan Səfərova, Şəkurə Rəhimli, Ruzim Məmmədli, Taleh Əzizov, Sara Hüseynova, Ramil Abbasov, Təhminə Niftəliyeva, Sevgül Hüseynzadə, Məryəm Məmmədova, Nəzrin Quliyeva və Fidan Mənsurova çıxış ediblər.
İfaçıları fortepianoda konsertmeysterlər Vəfa Əzizova və Rəhimə Qurbanova, kamançada Təbriz Yusubov, tütəkdə Orxan Qədirli, gitarada Ramil Abbasov, Fəridə Rəhmanova müşayiət ediblər.