Aprelin 16-da Azərbaycan Milli Konservatoriyasının (AMK) Bakı zalında “Dünya səs günü” münasibətilə Elmi seminar keçirilib.

 

Seminarda AMK-nın doktorantı Alexandria Sultanzadə fon Bruseldorff “Xanəndə və aşıqların səs aparatında akustik və fizioloji xüsusiyyətlərin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

 

AMK-nın Elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova seminarda ön söz söyləyib. Lalə Hüseynova bildirib ki, hər il 16 aprel tarixi bütün dünyada və həmçinin Azərbaycanda “Dünya səs günü” kimi qeyd olunur və bununla bağlı müxtəlif tədbirlər, səsin istifadəsilə bağlı marifləndirmə aksiyaları təşkil olunur. “Səsi necə qorumaq, onu necə inkişaf etdirmək barədə təlimlər keçirilir və yeni işləmələr təqdim olunur. Səs nəyinki ünsiyyət vasitəsi eyni zamanda bədii musiqi sənətinin özünü göstərdiyi ən mühüm sahələrdən biridir.  Bu münasibətlə atrtıq 3 ildir ki, AMK-da,  konservatoriyanın doktorantı olan A. S. Bruseldorff təqdimatında konfrans və seminarlar keçirilir” deyə professor Lalə Hüseynova bildirib.

 

Çıxışın ardından Alexandria Sultanzadə fon Bruseldorffun təqdimatında seminar başlayıb. A. S. Bruseldorff, milli vokal sənətində səs aparatının xüsusiyyətləri  və müasir elmin nəaliyyətləri əsasında xanəndə və aşıqların səs aparatının quruluşunun öyrənilməsi mövzusu ilə bağlı əsas məqamları diqqətə çatdırıb, yeni tədqiqat metodlarından söhbət açıb. Seminar müddətində AMK-nın professor-müəllim heyəti ilə birgə qeyd olunan mövzular ətrafında müzakirələr aparılıb.