Azərbaycan Milli Konservatoriyası, Yasamal İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatının birgə təşkil etdiyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Heydər Əliyevin şah əsəri- müstəqil Azərbaycan” adlı tədbir keçirilib. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qonaqları salamlayaraq tədbiri açıq elan edən,
Azərbaycan Milli Konservatoriyasının Rektoru, sənətşünaslıq doktoru, Əməkdar İncəsənət Xadimi Kamilə Dadaş-zadə öz çıxışında
qeyd edib ki, “Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün yığışdığımız bu tədbir bizim üçün çox böyük önəm daşıyır. Bilirik, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bütün sahələrinin, bütün istiqamətlərinin inkişafında, tərəqqisində misilsiz rolu olmuşdur və bu sahələrdən biri də milli mədəniyyətimiz, milli musiqimizdir. Mən düşünürəm ki, Ümummilli Liderimizin bu sahəyə dair öz konsepsiyası mövcud idi. Qayğının və diqqətin ən bariz nümunələrindən biri əlbəttə ki, Azərbaycan Milli Konservatoriyasının yaranması oldu. 2000-ci ildə Azərbaycan Milli Konservatoriyasının açılışıyla Azərbaycan ənənəvi musiqisi inkişaf tarixinin yeni bir mərhələsinə başlayıb. Bu günkü konsert yeni mərhələnin təzahür formasıdır”
Növbəti çıxış üçün söz Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova verilib.
Ardından Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tanınmış incəsənət ustalarının ifasında konsert proqramı təqdim edilib. Azərbaycan Milli Konservatoriyasının sənətkar müəllimləri Ulu Öndərə həsr olunmuş və onun sevdiyi musiqi əsərlərini ifa ediblər.
Xalq artisti Mübariz Tağıyev “Azərbaycan”, Xalq artisti, milli vokal kafedrasının müdiri Azər Zeynalov “Şükriyyə”, Əməkdar artist Bəyimxanım Vəliyeva “Küçələrə su səpmişəm”, Xalq artisti Zabit Nəbizadə “Cahargah təsnifi”, Əməkdar artist Nurlan Növrəsli “Ala Göz”, Əməkdar müəllim, fortepiano kafedrasının müdiri Naibə Şahməmmədova, AMK nəzdində İncəsənət Gimnaziyasının musiqi şöbəsinin şagirdləri Sevil Abdullayeva, Yusif Sadiqov, Lalə Hüseynova (müşayiət: Hacıyev Məhəmməd, Əliyeva Yaqut) “Qarabağ Şikəstəsi”, Xalq artisti Gülnaz İsmayılova “Arzu” romansı, Xalq artisti Alim Qasımov “Azərbaycan” musiqi əsərlərini ifa ediblər.
Azərbaycan Milli Konservatoriyası olaraq, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirik. Müstəqil Azərbaycan dövlətçiliyinin banisi və Azərbaycan Milli Konservatoriyasının yaradıcısı kimi onun təhsilə və mədəniyyətə verdiyi dəyər bu gün də fəaliyyətimizin əsas istiqamətini təşkil edir. Heydər Əliyevin ideyaları və prinsipləri bizə daim yol göstərir və onun qurduğu irs gələcək nəsillərin maarifləndirilməsi yolunda əsas dayağımızdır.