28 mart 2026-cı il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Azərbaycan Milli Konservatoriyası və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə layihəsi olan “Nəsillərin dialoqu”adlı silsilənin dördüncü konserti baş tutub.
Konsertdə Azərbaycan Milli Konservatoriyasının rəhbərliyi, müəllim heyəti və tamaşaçılar iştirak edib.
Konsert proqramının əvvəlində giriş sözü ilə çıxış edən Azərbaycan Milli Konservatoriyasının Elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova qonaqları salamlayaraq bu günkü tədbirdə ustad qismində iştirak edən Zenfira İsmayılovanın yaradıcılıq yolu, eləcə də onun klassik operalarda ifa etdiyi rollar haqqında məlumat verib.
O bildirib ki, Əməkdar artist Zenfira İsmayılova vokal sahəsində inamla addımlayaraq mükəmməl təhsilini görkəmli müəllimlərdən almışdır. Bildiyimiz kimi, onun musiqi akademiyasında təhsil aldığı dövrdə müəllimi professor Elmira Quliyeva olmuşdur və Elmira Quliyeva özü də bir çox sənətkarların səhnəyə gəlməsində mühüm rolu olan pedaqoqlardan biri idi. Həmçinin, Elmira Quliyeva Tallin Konservatoriyasında təhsil almış və vokal musiqisinin incəliklərini öz tələbələrinə ötürmüşdür. Zenfira İsmayılova bu ənənəni, bu ötürməni öz ustadlarından öyrəndiyi pedaqoji yanaşma ilə böyük sevgi və uğurla davam etdirir, onun tələbələrinin artıq peşəkar səhnələrdə çıxışları buna bariz nümunədir.
Professor çıxışında bildirib ki, pedaqoq kimi tələbələr tərəfindən çox sevilən Zenfira İsmayılova Azərbaycan musiqi mədəniyyətində vokal sənətində öz sözünü demiş sənətkardır.
“Nəsillərin dialoqu” layihəsi çərçivəsində təqdim olunan konsert proqramında Azərbaycan Milli Konservatoriyasının Milli vokal kafedrasının müəllimi, Əməkdar artist Zenfira İsmayılova və onun tələbələri — Mikayıl Nəsirov, Günel Əsədova, Ləman Əhmədova, Turan Səfərova, Aysel İbrahimova, Ruzim Məmmədov, Sara Hüseynova, Taleh Əzizov, Ramil Abbasov və Məryəm Məmmədovanın ifaları təqdim olunub.
İfaçıları konsertmeysterlər Vəfa Əzizova və Rəhimə Qurbanova müşayiət edib.
Tədbirdə Azərbaycan və dünya musiqi əsərlərindən nümunələr səsləndirilib.
“Nəsillərin dialoqu” layihəsi çərçivəsində təqdim olunan növbəti konsert proqramı Əməkdar artist Zenfira İsmayılova və tələbəsi Günel Əsədovanın ifasında Fikrət Əmirovun “Mən səni araram” musiqi əsəri, eləcə də ustad və tələbələrinin ifasında Polad Bülbüoğlunun “Şən Azərbaycan” əsəri ilə tamaşaçıların gurultulu alqışları ilə yekunlaşıb.
























