Azərbaycan Milli Konservatoriyasında Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi ilə görüş keçirilib. Tədbirdə qarşılıqlı əməkdaşlıq imkanları, yeni mədəni və elmi layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.
Görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, layihə rəhbəri Leyla Həsənova, Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə, AMK-nın elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova iştirak edib.
Görüş zamanı tərəflər arasında elmi və yaradıcılıq sahələrində əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin icrası və türk musiqi irsinin araşdırılması istiqamətində perspektivlər müzakirə olunub. Bundan əlavə, konservatoriya və fond arasında mədəni irsin qorunması və təşviqi məqsədilə birgə tədbirlərin təşkil olunması məsələləri gündəmə gətirilib.
Görüş çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan Milli Konservatoriyasına dəyərli elmi və mədəni nəşrlər hədiyyə edilib. Eyni zamanda, AMK-nın professor-müəllim heyətinin elmi və tədqiqat əsərləri də fonda təqdim edilib.
Məhsuldar görüş qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə yekunlaşıb.