Fevralın 20-də Azərbaycan Milli Konservatoriyasının (AMK) “Böyük zal”ında görkəmli muğam ifaçısı, Azərbaycanın xalq artisti, konservatoriyanın “Xanəndə” kafedrasının müdiri, professor Arif Babayevin 80 illik yubileyi geniş konsert proqramı ilə qeyd olunub.

 

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanov, AMK-nın rektoru, xalq artisti Siyavuş Kərimi, tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Nazir müavini Firudin Qurbanov və rektor Siyavuş Kərimi tədbirdə çıxış edərək, muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində böyük rolu və töhfələri olan Arif Babayevi  təbrik edib, ona uzun ömür arzulayıblar.

 

Tədbirdə görkəmli vokal, muğam və instrumental ifaçılarının təqdimatında konsert proqramı, həmçinin Arif Babayevin ömür yolunu əks etdirən videoçarx nümayiş olunub.