Aprelin 18-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, pedaqoq, ictimai xadim, Əməkdar incəsənət xadimi, “Əmək” ordenli, professor Nazim Kazım oğlu Kazımovun 75 illik yubileyi qeyd olunub. “Musiqiyə həsr olunmuş ömür” adlı tədbir yubilyarın həyat və yaradıcılıq yoluna həsr olunub. Tədbirdə Azərbaycan Milli Konservatoriyasının Xalq Çalğı Alətləri kafedrasının müdiri,əməkdar müəllim,AMK nın professoru Ramiz Əzizov iştirak edib. O, Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaş-zadənin AMK kollektivi adından ünvanladığı təbrik məktubunu səsləndirib və yubilyarı təbrik edib.
Azərbaycan Milli Konservatoriyasının Muğam (xanəndə) kafedrasının müəllimləri – Əməkdar artistlər Təyyar Bayramov və Babək Niftəliyev, xanəndə Aytən Məhərrəmova yubilyarı öz musiqi töhfələri ilə təbrik ediblər.
Mədəniyyət və incəsənət sahəsindəki çoxillik fəaliyyətində, ölkəmizin musiqi təhsili sisteminin inkişafına mühüm töhfələr vermiş, şərəfli müəllim yolu keçmiş Nazim Kazımovu bir daha təbrik edir, yeni-yeni yaradıcılıq uğurları və musiqi mədəniyyətimizin inkişafı yolunda davamlı nailiyyətlər arzulayırıq.