Oktyabrın 8-də Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, Xalq artisti Siyavuş Kərimi, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Salut Talantov” VIII Beynəlxalq Musiqi Festivalında 1-ci yerə laiq görülən AMK-nın İfaçılıq (Xalq Çalğı Alətləri – Tar) fakültəsinin III kurs tələbəsi Bəxtiyar Məmmədovla görüşüb.
Rektor, Xalq artisti Siyavuş Kərimi Bəxtiyarı qalibiyyət münasibətilə təbrik edib. Bildirib ki, bu qalibiyyət ümumilikdə ölkəmiz adına böyük uğurdur. Son illərdə artq bir çox ifaçılarımız milli alətlərimizin təbliğində və iştirakçısı olduqları müsabiqələrdə uğurlu işlər aparırlar – bu təqdirə layiqdir deyə Xalq artisti bildirib.
Qeyd edək ki, B. Məmmədov 2-5 oktyabr tarixində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən festivalda bəstəkar Antonin Dvorakın “Slavonic Dance” əsərini ifa edib.
Ümumilikdə 40 ölkədən 800 iştirakçının qatıldığı festivalın ilk günündə təmsilçimiz 1-ci yerə laiq görülərək qala konsertə dəvət alan 30 iştirakçı siyahısına daxil ola bilib. Qala konsertdə də uğurlu çıxışla yadda qalan Bəxtiyar Məmmədov festivalın “Ən yaxşı ifaçı”sı adına layiq görülüb.
Festivala Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Konservatoriyanın birgə dəstəyi ilə qatılan Bəxtiyar Məmmədov, AMK-nın müəllimi, Əməkdar artist Şəhriyar İmanovun tələbəsidir.