İyunun 2-də Azərbaycan Milli Konservatoriyasının (AMK) ‘Böyük zal’ında Tələbə Xorunun ‘Azərbaycan Dünyam Mənim’ adlı konserti keçirilib.

 

Konsert, Tələbə xorunun ifasında Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.

 

Konsertdə rektor Siyavuş Kərimi, AMK-nın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

AMK-nın müəllimi Təranə Yusivonanın rəhbərliyi ilə təqdim olunan musiqi proqramında Azərbaycan və Xarici bəstəkarların əsərləri səsləndirilib. Konsertdə həmçinin AMK-nın müəllimi Solmaz Həyatova konsertmeyster kimi Tələbə xorunu fortepianoda müşaiət edib.

 

Konsertdə çıxış edən Siyavuş Kərimi  xorun həyatımızda, xüsusilə musiqidə böyük rola sahib olduğunu diqqətə çatdırıb. Bildirib ki, xor bir sırada dayanmaq və eyni mədəniyyəti bir olaraq təqdim etmək deməkdir. Bu birlik bizə mütləq lazımdır. Gəlin biz bu birliyə bu səhnədən, konservatoriyadan başlayaq və bu, yaxşı bir vərdiş kimi ətrafa yayılsın. Onda biz hamımız daha güclü ola bilərik. Bu gün çıxış edən AMK-nın Tələbə xoru da hesab edirəm ki, bu birliyin bariz nümunəsi, müjdəçisidir. Biz bu mədəniyyəti daha da yüksəyə qaldırmalıyıq. Bu bizim ən sadə vətəndaşlıq borcumuzdur.

 

Daha sonra Xalq artisti xorun üzvlərini və müəllimləri konsert münasibəti ilə təbrik edib.