Oktyabrın 3-də Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, professor Siyavuş Kərimi Rumıniyanın Azərbaycan Republikasındakı Səfirliyinin Diplomatik Müşaviri Mihaela İanku ilə görüşüb.

 

Görüşdə AMK-nın tədris işləri üzrə prorektoru, professor Malik Quliyev, habelə AMK-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Cahangir Səlimxanov və digər idarə heyəti üzvləri iştirak ediblər.

 

Qonaqları salamlayan rektor, professor S.Kərimi AMK-nın tarixi, tədris prosesi, beynəlxalq əlaqələr, həyata keçirilmiş layihələr və gələcək planlar haqqında məlumat verib.

 

Rumıniya ilə Azərbaycan musiqisi arasında bənzərliyin olduğunu diqqətə çatdıran rektor S.Kərimi, bu musiqini çox sevdiyini söyləyib. “Ümidvaram ki, bu sevgini işə və geniş layihələrə çevirərək sizinlə birgə maraqlı tədbirlərə, konsertlərə imza ata biləcəyik” deyə rektor S.Kərimi bildirib.

 

Görüşə görə rektora minnətdarlığını bildirən Mihaela İanku, musiqi mədəniyyəti sahəsində əlaqələrin daha da inkişaf etməsi üçün lazım gələcək hər bir köməkliyə hazır olduğunu bildirib. Mihaela İanku, bunun üçün ilk öncə Rumıniya Dövlət Konservatoriyası ilə AMK-nın əməkdaşlığının vacibliyini diqqətə çatdırıb. “Düşünürəm ki, Rumıniya Klassik Musiqisi ilə Simfonik Muğamın birgə səslənməsi möhtəşəm olacaq və bunun üçün biz mütləq Rumıniya Dövlət Konservatoriyası ilə birgə işləməliyik” deyə Mihaela İanku bildirib.

 

Mihaela İanku, Konservatoriyalar arasında qarşılıqlı tələbə mübadiləsinin və musiqi təlimlərinin keçirilməsinin hər iki qurumun əməkdaşlığına daha da güclü təsir edəcəyini söyləyib.

 

Sonda qonaqlar rektor S.Kərimi ilə birgə AMK-da dərs prosesini izləyib və Konservatoriya ilə daha yaxından tanış olublar.