17 fevral 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov konsert zalında Azərbaycan Milli Konservatoriyası və “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun birgə təşkilatçılığı ilə “Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Milli Konservatoriyası və ADA Universitetinin rəhbərliyi və nümayəndələri, elm və sənət ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.
Mərasim “Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinə həsr olunmuş təqdimat və videoçarxın nümayişi ilə başlanıb.
Qeyd olunub ki, Azərbaycan mədəni fikir tarixində mühüm mərhələ təşkil edən “Övraqi-nəfisə” jurnalı milli mətbuatımızın 150 illik yubileyi ərəfəsində yenidən elmi dövriyyəyə daxil edilib. Nəşr “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən gündəmə gətirilmiş, ADA Universitetinin təşəbbüs və institusional dəstəyi ilə ərəb qrafikalı əski Azərbaycan əlifbasından latın qrafikalı müasir əlifbaya transliterasiya olunaraq çap edilib.
Təqdimat mərasiminin aparıcılığı Azərbaycan Milli Konservatoriyasının Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzinin yaradıcılıq məsələləri üzrə mütəxəssisi, Tələbə Elmi Cəmiyyətinin sədri Zeynəb Bağır tərəfindən həyata keçirilib.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə çıxışında qeyd edib ki, “Övraqi-nəfisə” Azərbaycan mədəniyyəti və incəsənət tarixinin sistemli öyrənilməsi baxımından əhəmiyyətli mərhələdir və gələcək tədqiqatlar üçün mənbə bazasını zənginləşdirir.
Daha sonra “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva, nəşrin transliteratoru və şərhlərin müəllifi, filoloq-tərcüməçi Azad Ağaoğlu, Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış edərək jurnalın tarixi-mədəni əhəmiyyətindən, transliterasiya prosesinin elmi prinsiplərindən və nəşrin gələcək tədqiqatlar üçün perspektivlərindən bəhs ediblər.
Tədbirin bədii hissəsi jurnalın estetik və ideya qayəsi ilə üzvi şəkildə səsləşib. Proqram çərçivəsində Əbdülqadir Marağainin “Hüseyni bəstə”si, Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” və Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operalarından fraqmentlər, xalq mahnıları və təsnif nümunələri, həmçinin Azərbaycan bəstəkarlarının yaradıcılığından seçmələr səsləndirilib.
Konsert proqramında AMK-nın professor-müəllim – Xalq artistləri Azər Zeynalov, Möhlət Müslümov, Əməkdar artistlər Emil Əfrasiyab, Bəyimxanım Vəliyeva, Toğrul Əsədullayev, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar müəllim Naibə Şahməmmədova, xanəndə Hüseyn Məlikov, tarzən Rəşad İbrahimov; məzun-tələbə heyəti – Fuad Əzizzadə, Aytac Bəybalayeva, Əli Həsənov, Rauf Cəfərov, Nuray Kərimli, Kənan Dəva, Ülkər Abdullayeva və Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət Xalq Çalğı Alətləri orkestrı (Bədii rəhbər və dirijor: Aysel Bağırova) və Xor kollektivi (Bədii rəhbər və dirijor: Əməkdar müəllim Təranə Yusifova), Vokal qrupu, “Miras” qədim musiqi alətləri ansamblı ( Bədii rəhbər: Pikə Axundova; Alətlərin bərpası üzrə mütəxəssis: Məmmədəli Məmmədov) yer alıb.
Tədbir çərçivəsində ilk dəfə olaraq AMK-nın əməkdaşları tərəfindən Zülfüqar Hacıbəylinin musiqi dilinə əsasən stilizə və tərtib edilmiş “Azərbaycan” marşı səsləndirilib.
Mərasimin sonunda Hafiz Paşayev layihənin elmi və mədəni əhəmiyyətini vurğulayaraq bu kimi təşəbbüslərin davamlı xarakter almasının vacibliyini qeyd edib.


