6 yanvar 2026-cı il tarixində Pekin Xarici Dillər Universitetinin və Çin Musiqi Akademiyasının nümayəndə heyətinin Azərbaycan milli musiqisinin tədris prosesi ilə tanışlıq məqsədilə Azərbaycan Milli Konservatoriyasına səfəri baş tutub. Səfər Heydər Əliyev Fondu ilə Pekin Xarici Dillər Universiteti arasında imzalanmış Anlaşma Memorandumunun çərçivəsində, Pekin Xarici Dillər Universitetinin və Çin Musiqi Akademiyasının nümayəndə heyətinin Azərbaycan Respublikasına rəsmi səfəri zamanı təşkil edilib. Nümayəndə heyətinin tərkibində Çin Musiqi Akademiyasının keçmiş rektoru, “Çin musiqisi” elmi jurnalının baş redaktoru, professor Zhao Talimu, Pekin Xarici Dillər Universitetinin professoru Mu Hongyan, Çin Musiqi Akademiyasının dosenti, Çinin məşhur zurna ifaçısı Zhang Qianyuan, Çin Musiqi Akademiyasının doktorantı Zhang Wanbo, Pekin Xarici Dillər Universitetinin doktorantı He Lexing yer alıb. Qonaqları Azərbaycan Milli Konservatoriyasının rəhbər heyəti qarşılayıb. Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə qonaqları salamlayıb, Konservatoriyanın fəaliyyəti və əsas inkişaf istiqamətləri barədə məlumat verib. Daha sonra Elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektor, professor Lalə Hüseynova çıxış edərək Azərbaycan Milli Konservatoriyasında aparılan elmi tədqiqatlar və innovativ layihələr haqqında danışıb. Ardınca, Tədris məsələləri üzrə prorektor Nizami Əsədov Konservatoriyanın təhsil strategiyası və prioritet istiqamətləri barədə qonaqlara məlumat verib. Qarşılıqlı müzakirələrdən sonra nümayəndə heyəti milli vokal ixtisası üzrə keçirilən imtahan prosesində iştirak edib, tələbələrin ifalarını dinləyib, ardınca qədim milli musiqi alətlərindən ibarət ekspozisiya ilə tanış olub. AMK-nın Milli musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi-təcrübi laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məmmədəli Məmmədov tərəfindən ekspozisiyada təqdim olunan alətlər barədə geniş və dolğun məlumat verilib. Görüş çərçivəsində qonaqların şərəfinə Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına böyük zalında konsert proqramı təqdim olunub. Konsertə Azərbaycan Milli Konservatoriyasının Səs Tədqiqatları üzrə Elmi Laboratoriyasının rəhbəri, beynəlxalq əlaqələr üzrə mütəxəssis Aleksandriya Sultan fon Brüseldorff (Sevinc Sultan-zadə) aparıcılıq edib. Konsertdə AMK-nın əməkdaşları – Əməkdar müəllim Naibə Şahməmmədova, Aysu Sadıqova, Kənan Sadıqov, Siyavuş Kərimov və istedadlı tələbələri – Araz Qasemi, Reza Mohammedi, Ülkər Abdullayeva, Seymur Həsənsoy, Nurəddin Tağıyev, Nərmin Mirzəyeva, Rauf Cəfərov, Samidə Məmmədova, Adəm Zərbəliyev, Səyyar Teymurov çıxış ediblər. Proqram milli musiqimizin əsas konturları çərçivəsində zəngin və çoxşaxəli məzmunu əhatə edib. Sonda Çin Musiqi Akademiyasının dosenti, Çinin məşhur zurna ifaçısı Zhang Qianyuan solo ifası ilə proqrama rəng qatıb. Görüşün sonunda qonaqlara Azərbaycan Milli Konservatoriyası adından milli musiqi alətlərimizi tərənnüm edən suvenirlər və kitablar hədiyyə edilib.