19 yanvar 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə AMK-nın Fikrət Əmirov adına zalında 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş “Bir gecənin yaddaşı” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.
Tədbirin əvvəlində 20 Yanvar 1990-cı ildə Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İlk olaraq, Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə çıxış edərək, 20 Yanvar hadisəsinin Azərbaycan xalqının milli kimliyinin formalaşmasında, birliyin möhkəmlənməsində və müstəqil dövlətçilik ideologiyasının əsaslarının qoyulmasında mühüm tarixi rol oynadığını bildirib.
Ardınca Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov Azərbaycan gənclərinin ölkənin tarixi taleyindəki rolunu vurğulayaraq, bu cür tədbirlərin milli şüurun formalaşmasında əhəmiyyətini qeyd edib.
Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri İsmayıl Süleymanov isə Prezident İlham Əliyevin fikirlərinə istinad edərək, milli yaddaşla yetişən gənclərin Qarabağ savaşında tarixi qələbə qazandığını diqqətə çatdırıb.
Çıxışlardan sonra tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələrinin ifaları fonunda 20 yanvar faciəsinin tarixə qanla həkk olunan görüntüləri izlənilib, qan yaddaşı bir daha təzələnib. Tədbirə AMK TGT-nin üzvü Fatimə Əlizadə aparıcılıq edib.
Proqram çərçivəsində AMK-nın əməkdaşları – Əməkdar müəllim Naibə Şahməmmədova, Zülfiyyə Eldarqızı, Züleyxa Şıxıyeva, Əkbər Osmanov, eləcə də, tələbələr Xədicə Rəşidli, Rəsul Hacızadə, Leyla Tağıyeva, Adəm Zərbəliyev, Araz Qasemi, Arian Zamiri, Nuray Hacızadə, Asim Pirimov
, Əli Rüstəmbəyli, Reza Mohammedi, Kənan Dəva, Aytac Bəybalayeva çıxış ediblər.
Tədbirin sonunda AMK-nın Muğam (xanəndə) kafedrasının müəllimi, dosent, Əməkdar artist Bəyimxanım Vəliyeva və tələbələri Aytac Bəybalayeva, Kənan Dəva, Duyğu Rüstəmova, Aydan Salahova, Xəyyam Qasımzadənin iştirakı ilə hazırlanmış, musiqisi Aygün Səmədzadəyə, sözləri Kəmalə Abıyevaya məxsus “Azərbaycan” adlı klip təqdim edilib.
Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinə dərin ehtiram, milli yaddaşa sədaqət və vətənpərvərlik ruhu ilə başa çatıb.


