16 oktyabr 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının Tələbə Gənclər Təşkilatının və Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov zalında Müstəqilliyin bərpasının 35-ci ildönümünə həsr olunmuş “35 ilin sədası” adlı konsert keçirilib.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova, Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Həsənova, Azərbaycan Milli Konservatoriyasının və onun nəzdində Sumqayıt Musiqi Kollecinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti iştirak ediblər.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən professor Lalə Hüseynova müstəqilliyimizin bərpasının 35-ci ildönümünün Sumqayıt Musiqi Kolleci ilə birgə qeyd olunmasından məmnunluğunu ifadə edib. O, Azərbaycan xalqının dövlətçilik ənənələrindən, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolundan, müstəqilliyimizin bərpasına aparan mübarizə yolundan bəhs edərək, dövlət müstəqilliyinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıb.
Konsert proqramında Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin Əməkdar müəllimi, dirijor Firəngiz Xəlilova, Əminə Rüstəmova, Azərbaycan Milli Konservatoriyasının beynəlxalq müsabiqələr laureatı, konsertmeyster Rəhiməxanım Qurbanova, həmçinin Azərbaycan Milli Konservatoriyasının tələbələri – beynəlxalq müsabiqələr laureatları Sevil Abdullayeva, Anar Həmədli, Leyla Abdulrəhimova, VII Beynəlxalq Muğam Müsabiqəsinin diplomantı Mahir Quliyev, Tacir Həsənzadə, Rəsul Hacızadə, Murad İsalı, Jalə Həsənzadə və Loğman Məmmədov iştirak ediblər.
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin tələbələri Ramazan Babazadə, Nahid Məmmədzadə, Aqşin Xasıyev, Çingiz Hüseynov, Abdullah Bayramov və Zəhra Baxışova, həmçinin kollecin “Arazbarı” instrumental ansamblı və xor kollektivi konsert proqramında çıxış ediblər.
Tədbirin aparıcısı Azərbaycan Milli Konservatoriyasının III kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının üzvü Fidan Rüstəmova olub.
Konsert proqramı Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin xor kollektivinin və “Arazbarı” instrumental ansamblının ifasında “Zəfər sədası” kompozisiyası ilə yekunlaşıb.
Azərbaycan Milli Konservatoriyası / Azerbaijan National Conservatory
Sumqayıt Musiqi Kolleci













