09 oktyabr 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyası Tələbə Elmi Cəmiyyətinin (TEC) “ÜNS Club” (“Ünlü Namların Sinerjisi”) layihəsinin ikinci buraxılışı keçirilib. Görüşdə Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Muğam Klubunda təşkil olunan görüşün qonağı SOAS London Universitetinin tədqiqatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD), dosent, etnomusiqişünas və tar ifaçısı Polina Desiatniçenko olub.
Görüşün moderatorluğu Azərbaycan Milli Konservatoriyasının prorektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova tərəfindən həyata keçirilib.
İnteraktiv diskussiya formatında keçən görüşdə iştirakçılar Polina Desiatniçenkonun elmi və yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olublar. Qonaq professor-müəllim heyətinin və tələbələrin suallarını cavablandıraraq öz tədqiqat yolu, fəaliyyəti və yaradıcılıq təcrübəsi barədə fikirlərini bölüşüb.
Görüşdə həmçinin Polina Desiatniçenkonun ifasında Şur muğamı dinlənilib. Ardınca Azərbaycan xalq musiqisindən və bəstəkarlıq yaradıcılığından seçmə nümunələr səsləndirilib. İfaçını fortepianoda Əməkdar müəllim, Ümumi fortepiano kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Naibə Şahməmmədova, tardа isə tələbələr Rəsul Hacızadə və Səid Hüseynov müşayiət ediblər.
📌 “ÜNS Club” – “Ünlü Namların Sinerjisi” layihəsi tanınmış musiqi xadimləri ilə görüşlərin təşkilini, elmi və yaradıcı fikir mübadiləsinin təşviqini hədəfləyir. Layihə musiqi sənətinin müxtəlif istiqamətlərini təmsil edən şəxslərlə canlı ünsiyyət üçün imkan yaradır.








