8 oktyabr 2026-cı il tarixində İsveçrənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “JW Marriott Absheron Baku” otelində “Soirée Suisse” (“İsveçrə gecəsi”) adlı mədəniyyət və musiqi tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə, elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektor, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova iştirak ediblər. Musiqi proqramında Konservatoriyanın I kurs magistr tələbələri, tar ifaçısı Nihad Kamilli və kamança ifaçısı Abuzər Əsgərov İsveçrədən gəlmiş musiqiçilərlə birgə çıxış ediblər.

Oktyabrın 9-da layihənin davamı olaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında İsveçrənin Azərbaycandakı səfirliyi və Akademiyanın birgə təşkilatçılığı ilə “Swiss & Azerbaijani Music in Dialogue” (“İsveçrə və Azərbaycan musiqisi dialoqda”) adlı tədbir keçirilib. Bakı Musiqi Akademiyasının professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə Azərbaycan Milli Konservatoriyasının elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova da iştirak edib.

Konsert proqramında Azərbaycan Milli Konservatoriyasının tələbələri Nihad Kamilli və Abuzər Əsgərov isveçrəli musiqiçilərlə birgə Azərbaycan və İsveçrə musiqisindən nümunələr ifa ediblər.

İsveçrədən gəlmiş tələbələr təqdimatla çıxış edərək iştirakçıların suallarını cavablandırıblar.

Tədbirin sonunda İsveçrənin Azərbaycandakı səfirinin müavini Qay Bonvin (Guy Bonvin) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova layihədə iştirakına görə Azərbaycan Milli Konservatoriyasına, eləcə də tələbələr Nihad Kamilli və Abuzər Əsgərova xüsusi təşəkkürlərini bildiriblər.