
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü müəllimlik peşəsinin cəmiyyətdəki müstəsna mövqeyini, insanın intellektual və mənəvi formalaşmasında müəllim əməyinin əvəzsiz rolunu bir daha diqqətə çatdıran əlamətdar gündür.
Müəllim yalnız bilik verən deyil, şəxsiyyət yetişdirən, düşüncə və dünyagörüşü formalaşdıran, öz elmi və mənəvi təcrübəsi ilə cəmiyyətin gələcəyinə istiqamət verən ziyalıdır.
Ümummilli lider Heydər Əliyevin “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” kəlamı müəllim adına və müəllim əməyinə verilən yüksək dəyərin ifadəsidir.
Azərbaycan Milli Konservatoriyasında müəllimlik fəaliyyəti təhsil və sənətin vəhdətinə əsaslanan xüsusi yaradıcılıq missiyası daşıyır. Burada ustad sənətkarların illər ərzində qazandıqları ifaçılıq təcrübəsi, elmi-pedaqoji bilikləri və sənət düşüncəsi gənc musiqiçilərin peşəkar formalaşmasının əsasını təşkil edir. Professor-müəllim və sənətkar heyətinin fəaliyyəti Azərbaycan milli musiqisinin zəngin ənənələrinin yaşadılması, elmi və yaradıcı müstəvidə inkişaf etdirilməsi, yeni peşəkar musiqiçi nəslinin yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Milli Konservatoriyası 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə dəyərli professor-müəllim və sənətkar heyətini səmimi-qəlbdən təbrik edir, yüksək peşəkarlıq, fədakarlıq və məsuliyyətlə həyata keçirdikləri pedaqoji fəaliyyətə görə hər birinə dərin təşəkkürünü bildirir.
Beynəlxalq Müəllimlər Gününüz mübarək!