28 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasında 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Konservatoriyanın rəhbərliyi, şəhid məzun Toğrul Hacıyevin ailə üzvləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Anım tədbiri çərçivəsində Azərbaycan Milli Konservatoriyasının şəhid məzunu Toğrul Hacıyevin xatirəsinə yaradılmış guşəyə gül dəstələri qoyulub, onun əziz xatirəsi dərin ehtiramla yad edilib.
Həmçinin Konservatoriyanın Fikrət Əmirov zalında şəhid məzuna həsr olunmuş “Tar səsində Vətən eşqi” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən əvvəl Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə çıxış edib. Rektor tarixi Zəfərimizin qazanılmasında şəhidlərimizin müstəsna xidmətlərini vurğulayaraq, onların xatirəsinin Azərbaycanın hər bir guşəsində dərin ehtiram və minnətdarlıqla yad edildiyini bildirib. O, Konservatoriyanın şəhid məzunu Toğrul Hacıyevin həyat və döyüş yolunun gənc nəsil üçün vətənpərvərlik və fədakarlıq nümunəsi olduğunu qeyd edərək, nümayiş olunacaq sənədli filmin, xüsusilə tədbirdə iştirak edən birinci kurs tələbələri üçün böyük mənəvi əhəmiyyət daşıyacağına əminliyini ifadə edib.
Daha sonra Xalq artisti, şəhidin müəllimi Elçin Həşimov, Toğrul Hacıyevin anası İlhamə Soltanova və Konservatoriyanın müəllimi, Əməkdar artist, Birinci Qarabağ müharibəsinin iştirakçısı Cabir Abdullayev çıxış edərək şəhid haqqında xatirələrini bölüşüblər.
Çıxışlardan sonra Azərbaycan Milli Konservatoriyasının təşəbbüsü və maliyyə dəstəyi ilə ərsəyə gəlmiş “Tar səsində Vətən eşqi” sənədli filmi nümayiş etdirilib. Filmin rejissoru Fahir İmanquliyev, operatoru Əfqan Ələsov, ssenari müəllifi isə AMK-nın mətbuat katibi Aysel Fikrətdir. Filmdə səsləndirilən musiqi əsərlərinin müəllifləri Konservatoriyanın Dirijorluq kafedrasının müdiri, bəstəkar Pikə Axundova və magistr tələbə Orxan Lətifzadə, tədbirin aparıcısı Azərbaycan Milli Konservatoriyasının Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzinin yaradıcılıq məsələləri üzrə mütəxəssisi Zeynəb Bağır olub.
Şəhid Toğrul Hacıyevin həyat və döyüş yolunu doğmalarının, yaxın dostlarının və müəllimlərinin xatirələri vasitəsilə tamaşaçılara çatdıran sənədli film dərin hüzn və ehtiramla izlənilib.














