Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu, ICESCO-nun Bakı Regional Ofisi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən I Türk Dünyası Bəstəkarlar Qurultayı çərçivəsində sentyabrın 19-da Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında keçirilən Türk Dünyası Bəstəkarlar İttifaqının – “Turkic Union of Composers” (TUC) təsis iclasında Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə və Elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektor, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova iştirak ediblər.

İclas çərçivəsində Türk Dünyası Bəstəkarlar İttifaqının yaradılması haqqında Bakı Bəyannaməsi qəbul olunub, yeni beynəlxalq peşəkar təşkilatın nizamnamə layihəsi müzakirə edilib. Təsis iclasının iştirakçılarına sertifikatlar və İttifaqın ilk üzvlük kitabçaları təqdim olunub.

I Türk Dünyası Bəstəkarlar Qurultayının keçirilməsi, Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması və Bakı Bəyannaməsinin qəbul edilməsi türk dünyasının musiqi-mədəni əlaqələrinin möhkəmləndirilməsi və dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin irsinə ehtiramın mühüm ifadəsi kimi dəyərləndirilə bilər.