18 sentyabr 2026-cı il tarixində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının ildönümü münasibətilə Azərbaycan Milli Konservatoriyasında ənənəvi olaraq Milli Musiqi Günü qeyd olunub.

 

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada təşkil olunmuş tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, ölkə rəsmiləri, Türk dünyası bəstəkarlarının qurultayına təşrif buyurmuş qonaqlar, Azərbaycan Milli Konservatoriyasının rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

 

Tədbiri Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə açıq elan edərək qonaqları salamlayıb.

 

Rektor çıxışında qeyd edib: “Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyətində fenomenal bir hadisədir və bunu sübut edən bir çox dəlillər mövcuddur. Bu il biz tarixi bir hadisənin şahidi olacağıq. Üzeyir Hacıbəyli Festivalı çərçivəsində Türk dünyasının Bəstəkarlar Birliyi təsis olunacaq və o Birliyin ilk qurultayı keçiriləcək. Bu, Üzeyir Hacıbəylinin ideyalarının ən parlaq təzahür formalarından biridir.

Düşünürəm ki, ən mühüm cəhətlərdən biri ondan ibarətdir ki, Üzeyir bəyin yaradıcılığında Azərbaycan musiqi mədəniyyətinin keçmişi və onun bütün gələcək inkişafı kodlaşdırılmış şəkildə mövcuddur. Çünki Üzeyir bəyin irsi nəinki Azərbaycanın, ümumiyyətlə, bütün Türk dünyasının bədii-mədəni kodunun orijinal hissəsidir”.

 

Ardınca çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli Azərbaycan Milli Konservatoriyasının fəaliyyətindən, xüsusilə muğam sənətinə verdiyi yüksək dəyərdən söz açıb. O, muğamın milli musiqi mədəniyyətimizdəki xüsusi yerini vurğulayaraq qeyd edib ki, “muğam əsrlər, qərinələr keçsə də, yaşayacaq, çünki o, müqəddəsdir”.

 

Çıxışlardan sonra ənənəvi olaraq hər il Milli Musiqi Gününə öz bədii töhfəsini verən Azərbaycan Milli Konservatoriyası musiqili konsert proqramını təqdim edib. Proqramda Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əsərləri səsləndirilib.

Konsertdə Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət Xalq çalğı alətləri orkestri (dirijor – AMK-nın müəllimi Aysel Bağırova) və qızlardan ibarət xor kollektivi (xormeyster – Xanımanə Məmmədova) çıxış edib.

Konsertin bədii rəhbəri AMK-nın “Dirijorluq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Pikə Axundova, aparıcısı isə AMK-nın Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzinin yaradıcılıq işləri üzrə mütəxəssisi Zeynəb Bağır olub.

 

Konsertin sonunda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova çıxış edərək tədbirlə bağlı səmimi düşüncələrini iştirakçılarla bölüşüb.

 

Sonda Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək Ulu Öndər Heydər Əliyevin təsis etdiyi Milli Musiqi Gününün əhəmiyyətini vurğulayıb. Nazir həmçinin qeyd edib ki, konsert iştirakçıları açıq havada ifanın çətinliyinə baxmayaraq, bu işin öhdəsindən peşəkarlıqla gəliblər və onlar əsl Üzeyir Hacıbəyli irsinin davamçılarıdırlar.

Çıxışının sonunda Adil Kərimli konsert iştirakçılarına səmimi təşəkkürünü ifadə edib.

 

Azərbaycan Milli Konservatoriyası / Azerbaijan National Conservatory