
25 avqust 2026-cı il tarixində “Sabahın Sənət Elçiləri” proqramı çərçivəsində Yunus Əmrə İnstitutunun rəhbəri Gökhan Seyhan, müəssisənin əməkdaşları, eləcə də, Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin müəllimi dosent Sinan Ayyıldız və tələbə heyəti Azərbaycan Milli Konservatoriyasında qonaq olub.
Görüşdə Azərbaycan Milli Konservatoriyasının prorektorları Nizami Əsədov və professor Lalə Hüseynova, Konservatoriyanın əməkdaşları, TEC üzvləri iştirak ediblər. Tədbir Azərbaycan Milli Konservatoriyasının Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzinin yaradıcılıq məsələləri üzrə mütəxəssisi, Tələbə Elmi Cəmiyyətinin sədri Zeynəb Bağırın təşkilatçılığı və aparıcılığı ilə baş tutub.
Səfər çərçivəsində qonaqlar əvvəlcə Azərbaycan Milli Konservatoriyasının fəaliyyəti və maddi-mədəni irsi ilə tanış olublar. Ekskursiya çərçivəsində heyət Azərbaycan Milli Konservatoriyasının Heydər Əliyev muzeyi, kitabxanası, zalları ilə tanış olub, milli musiqi mədəniyyətimizin görkəmli nümayəndələri – Xan Şuşinski və Bülbülün xatirə otaqlarını ziyarət ediblər. Xatirə otaqlarında sənətkarların yaradıcılıq irsi, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri və milli musiqi tarixindəki mühüm mövqeləri barədə məlumat verilib. Ekskursiya zamanı “Qədim musiqi alətləri” Elmi-Təcrübi Laboratoriyasına baş çəkilib, burada qədim musiqi alətlərinin tədqiqi, qorunması, bərpası və təkmilləşdirilməsi istiqamətində aparılan işlər haqqında qonaqlara məlumat verilib.
Görüşün ardından Azərbaycan Milli Konservatoriyasının Muğam klubunda qonaqlar üçün musiqi proqramı təqdim olunub. Konsert proqramında Azərbaycan Milli Konservatoriyasının tələbələrinin – Rauf Cəfərov, Nərmin Mirzəyeva, Samidə Məmmədova, Arian Zamiri, Yusif Qocayev, Murad Əhədov, Firuz Əliyev, Aslan Məmmədovun iştirakı ilə Azərbaycan milli musiqisinin müxtəlif janrlarını və ifaçılıq ənənələrini əks etdirən musiqi nümunələri səsləndirilib. Ardınca türk repertuarından xalq türküləri ifa edilib.
Proqram çərçivəsində Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin müəllim və tələbələri də musiqi təqdimatları ilə çıxış ediblər. Proqramın yekununda Azərbaycan və Türkiyədən olan gənc sənətçilərin eyni səhnədə bir araya gəlməsi qarşılıqlı yaradıcılıq mübadiləsinin təzahürü kimi yadda qalıb.
















