
2 iyun 2026 cı il tarixində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına zalında Ustad Aşıq Ələsgərə həsr olunmuş “Ustadımız Ələsgərdi” adlı konsert proqramı keçirilib.
Konsert proqramında uşaq musiqi və incəsənət məktəblərində Aşıq sənəti – saz ixtisası üzrə təhsil alan şagirdlər çıxış ediblər.
Tədbirdə 37 nömrəli Uşaq Musiqi Məktəbi, Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi, 10 nömrəli Uşaq Musiqi Məktəbi, Zəngilan rayon Bartaz kənd Uşaq Musiqi Məktəbi, Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbi, Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi, G. Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbi, Mehdiabad Musiqi Məktəbi, Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi, Xırdalan şəhər 11 illik Musiqi Məktəbi, 34 nömrəli Uşaq Musiqi Məktəbi və 36 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri iştirak ediblər.
Gənc ifaçılar proqram çərçivəsində “Şahsevəni”, “Kərəm gözəlləməsi”, “Rza gözəlləməsi”, “Misri”, “Döymə Kərəmi”, “Təbrizi”, “Ruhani”, “Yanıq Kərəmi”, “Paşa köçdü”, “Səyyadı”, “Baş dübeyti”, “Cəlili”, “Cəngi” kompozisiyası, “Muğan gözəlləməsi”, “Şakir gözəlləməsi” və “Orta müxəmməs” kimi aşıq sənətinin seçilmiş musiqi nümunələrini təqdim ediblər.
Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, aşıq Hafiz Kərimov olub.
Tədbirdə iştirak edən Aşıq Ələsgərin nəticəsi, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli çıxış edərək konsert proqramının təşkilinə görə təşəkkürünü bildirib, ustad sənətkarın irsinin yaşadılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb və bu sahə ilə bağlı fikirlərini bölüşüb.





















