
25 may 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Miras” qədim musiqi alətləri ansamblı, ansamblın bədii rəhbəri, AMK-nın Dirijorluq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Pikə Axundova, qədim musiqi alətlərinin bərpası üzrə mütəxəssis, AMK-nın Milli musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi-təcrübi laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məmmədəli Məmmədov,həmçinin IX Televiziya Muğam Müsabiqəsinin qalibləri, xanəndələr Kənan Dəva və Aytac Bəybalayeva Şamaxı Dövlət Regional Kollecinin təşkil etdiyi 28 May — Müstəqillik Gününə həsr olunmuş tədbirdə iştirak ediblər.
Tədbirdə Şamaxı Dövlət Regional Kollecinin direktoru Vasif Müslümov, tədris işləri üzrə direktor müavini Həlimə Musayeva,
AMK-nın Fortepiano şöbəsinin müəllimi Mətanət Azmanlı,
kollecin müəllim-tələbə heyəti və qonaqlar iştirak ediblər.
Tədbir Şamaxı Dövlət Regional Kollecinin musiqi şöbəsinin müəllimi Mətanət Məlikovanın təşəbbüsü və təşkilatçılığı ilə yüksək səviyyədə keçirilib. Proqram çərçivəsində “Miras” qədim musiqi alətləri ansamblının ifasında Azərbaycan xalqının zəngin musiqi irsini əks etdirən nümunələr təqdim olunub.Qədim musiqi alətlərinin səslənməsi, milli ifaçılıq ənənələrinin bədii təqdimatı, eləcə də solistlər Kənan Dəva və Aytac Bəybalayevanın ifaları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Şamaxı Dövlət Regional Kollecinin direktoru Vasif Müslümov çıxışında Azərbaycan Milli Konservatoriyasının milli musiqi irsinin qorunması, yaşadılması və nəsildən-nəslə ötürülməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. “Miras” qədim musiqi alətləri ansamblının fəaliyyətini qədim musiqi alətlərimizin yenidən səhnəyə qaytarılması, milli musiqi yaddaşımızın yaşadılması və gənc nəslə ötürülməsi baxımından mühüm mədəni təşəbbüs kimi dəyərləndirib.
Tədbirdə çıxış edən bəstəkar Pikə Axundova və Məmmədəli Məmmədov göstərilən diqqətə, səmimi qarşılanmaya və yüksək təşkilatçılığa görə Şamaxı Dövlət Regional Kollecinin rəhbərliyinə, eləcə də tədbirin təşkilatçısı Mətanət Məlikovaya minnətdarlıq bildiriblər.






