28 May — Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan əlamətdar günlərdən biridir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsinin imzalanması ilə Azərbaycanın müstəqilliyi dünyaya bəyan edilmiş və xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin davamı üçün yeni tarixi mərhələnin əsası qoyulmuşdur.
Qısa müddət mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin ilk parlamentini və hökumətini yaratmış, dövlət atributlarını təsis etmiş, dövlət quruculuğu, milli maraqların qorunması, siyasi, hüquqi və mədəni inkişaf istiqamətində mühüm addımlar atmışdır. Cümhuriyyətin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, demokratik prinsiplərin formalaşmasında və dövlətçilik ənənələrinin inkişafında mühüm rol oynamışdır.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etmiş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Bu tarixi varislik müasir Azərbaycan dövlətçiliyinin ideya və hüquqi əsaslarından biri kimi bu gün də xüsusi əhəmiyyət daşıyır.
Müstəqillik milli mədəniyyətimizin, mənəvi dəyərlərimizin və musiqi irsimizin qorunması, inkişaf etdirilməsi və dünyaya tanıdılması üçün geniş imkanlar yaratmışdır. Bu gün Azərbaycan musiqisinin, muğam sənətinin, aşıq sənətinin, xalq yaradıcılığı nümunələrinin və milli ifaçılıq ənənələrinin beynəlxalq müstəvidə təqdim olunması müstəqil dövlətimizin mədəni siyasətinin və milli kimliyə verilən dəyərin mühüm göstəricisidir.
Bu baxımdan müstəqillik milli musiqi irsimizin yaşadılması, tədrisi və gələcək nəsillərə ötürülməsi üçün həm məsuliyyət, həm də qürur mənbəyidir.
Azərbaycan Milli Konservatoriyası xalqımızı 28 May — Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir,
dövlətimizə davamlı inkişaf, xalqımıza əmin-amanlıq, rifah və uğurlar arzulayır.