
7 may 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov zalında “İnstrumental muğam” kafedrasının təşkilatçılığı ilə ənənəvi Azərbaycan musiqisinin ayrı-ayrı janrlarına həsr olunan silsilə konsert proqramı çərçivəsində “Azərbaycan xalq rəqsləri” adlı konsert keçirilib.
İlk olaraq Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə çıxış edərək iştirakçıları salamlayıb. Rektor çıxışında bu cür layihələrin ayrı-ayrı janrların inkişaf mənzərəsini izləmək, onların bədii və ifaçılıq xüsusiyyətlərini müşahidə etmək baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, hər bir xalqın özünəməxsus emosional kodu mövcuddur və Azərbaycan xalqının emosional kodu musiqi janrları içərisində məhz xalq rəqslərində parlaq şəkildə təzahür edir. Sonda professor Kamilə Dadaş-zadə bu uğurlu və gərəkli layihəyə görə İnstrumental muğam kafedrasının sənətkar müəllimlərini təbrik edib.
Konsertdə İnstrumental muğam kafedrasının müəllimləri Xalq artisti, dosent Malik Mansurov, Əməkdar artist, baş müəllim Şirzad Fətəliyev, Əməkdar artist Rauf İslamov, Arifə İmanova, Əkbər Osmanov, Kənan Sadıqov, 2025-ci il Muğam Müsabiqəsinin qalibi Məhta Məhəmmədəlizadə, Vaqif Əliyev, Anar Niftullayev, Murtuza Əsədullayev və tələbələr Nihad Kamilli, Cəbrayıl Cəbrayılov, Məryəm İslamova, Beynəlxalq Muğam Müsabiqəsinin laureatı Nurəddin Tağıyev, Reza Mohəmmədi, Seymur Şükürov, Adəm Zərbəliyev, Həmid Həmidzadə, beynəlxalq və respublika müsabiqələri laureatı Jalə Həsənzadə, Araz Qasemi, Rafael İslamov, Murad Nağızadə, Cavid Zərbəliyev, Xanış Bünyatov və Ramin Abdullayev çıxış ediblər.
Konsert proqramında “Bakı”, “Gülxətmi”, “Dəsmalı”, “Zoğalı”, “Qavalla rəqs”, “Bağdaduri” (“Kinto”), “Faytonçu”, “Vaqifi”, “Duy-duy”, “Gül dəstəsi”, “Əhsənsayağı”, “Naz-nazı” və “14 nömrə” xalq rəqsləri, həmçinin Teyyub Dəmirovun “Ey, nur”, “Qaytağı”, “Dilşadı”, “Aran köçü” və “Elmira”, Şəfiqə Axundovanın “Bayram rəqsi”, Ağasəf Seyidovun “Ağasəfi” rəqsi, Aftandil İsrafilovun “Yeni Azərbaycan” əsəri təqdim olunub.
Konsertin sonunda bütün iştirakçıların ifasında Əhsən Dadaşovun “Çahargah” dəramədi, nağaraçalanların solo çıxışı və “Naz-nazı” xalq rəqsi təqdim olunub.













