
Azərbaycan Milli Konservatoriyası ilə Ankara Musiqi və Gözəl Sənətlər Universiteti (Ankara Müzik ve Güzel Sanatlar Üniversitesi ) arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində AMK-nın Muğam kafedrasının müəllimləri Azərbaycanın Əməkdar artisti, dosent Təyyar Bayramov, Beynəlxalq Muğam Mərkəzinin solisti, tarzən Rəşad İbrahimov, kamança ifaçısı Təbriz Yusubov və nağara ifaçısı Vüsal Bayramov Ankara Musiqi və Gözəl Sənətlər Universitetində səfərdə olublar.
Səfər çərçivəsində universitetdə “MGÜ Muğam Günləri” keçirilib.
Bu münasibətlə təşkil olunmuş ustad dərslərində AMK-nın Muğam kafedrasının müəllimləri universitetin tələbələri ilə muğam sənətinin vokal və instrumental ifaçılıq xüsusiyyətləri, ənənəvi tədris prinsipləri, eləcə də tar, kamança və nağara ifaçılığına dair praktik bilik və təcrübələrini bölüşüblər.
Ardından təqdim olunan Konsert proqramında muğam sənətinin zəngin ifaçılıq ənənələri nümayiş etdirilib.
Səfər Azərbaycan muğam sənətinin qardaş Türkiyədə təbliği, muğam ifaçılığı ənənələrinin gənc musiqiçilərə tanıdılması, eləcə də universitetlər arasında elmi-yaradıcı əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olub.





