
Bu gün Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının “İnstrumental muğam” kafedrasının dosenti, virtuoz qarmon ifaçısı, “Qaytağı” instrumental ansamblının bədii rəhbəri Ənvər Sadıqovun 60 illik yubileyi qeyd olunur.
Ənvər Sadıqov Azərbaycan musiqi sənətində qarmon ifaçılığına yeni nəfəs gətirən, bu alətin ifadə imkanlarını genişləndirən və onu müasir səhnə mədəniyyətində özünəməxsus üslubla təqdim edən görkəmli sənətkarlardandır.
Onun ifaçılığında milli musiqi ənənələrinə dərin bağlılıq, yüksək texniki ustalıq, improvizasiya sərbəstliyi və fərdi yaradıcılıq düşüncəsi vəhdət təşkil edir.
Sənətkarın yaradıcılıq yolu zəngin və çoxşaxəlidir.
O, peşəkar fəaliyyətini Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında başlayaraq davam etdirib, müxtəlif illərdə tanınmış musiqi kollektivləri ilə çalışıb, 2000-ci ildə yaratdığı “Qaytağı” instrumental ansamblı ilə Azərbaycan musiqisini yeni bədii təqdimatda dinləyicilərə çatdırıb. Ənvər Sadıqov ABŞ, Türkiyə, Avstriya, Belçika və digər ölkələrdə çıxışları ilə milli musiqimizin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfələr verib.
Azərbaycan qarmon ifaçılığı tarixində Ənvər Sadıqov yaradıcılığı ayrıca bir mərhələ kimi dəyərləndirilə bilər. O, özündən əvvəlki virtuoz sənətkarların ənənələrini yaşatmaqla yanaşı, bu sənətə yeni nəfəs, yeni üslub və yeni ifa mədəniyyəti gətirib. Onun sənət yolu yalnız ifaçılıqla məhdudlaşmır. Ənvər Sadıqov həm də gənc qarmon ifaçılarının formalaşmasında, istedadlı tələbələrin yetişməsində və Azərbaycan musiqi təhsilinin inkişafında xüsusi xidmətləri olan pedaqoq dur. Sənətkarın elmi-pedaqoji fəaliyyəti diqqətəlayiqdir. Azərbaycan qarmonunun inkişafı və təkmilləşdirilməsi məsələləri ilə bağlı elmi yanaşmaları, zəngin ifaçılıq təcrübəsi onun milli musiqi mədəniyyətində yüksək dəyərini müəyyənləşdirir.
Azərbaycan Milli Konservatoriyası adından Respublikanın Xalq artisti, virtuoz qarmon ifaçısı Ənvər Sadıqovu 60 illik yubileyi münasibətilə təbrik edir, ona Azərbaycan musiqi sənətinin inkişafı naminə yeni yaradıcılıq imkanları və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.