23 aprel 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına zalında görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin 75 illik yubileyi çərçivəsində “Bura Vətəndir” adlı konsert keçirilib.
Konsertdə Əməkdar artistlər Bəyimxanım Vəliyeva, Lalə Məmmədova, Emil Əfrasiyab, Nurlan Növrəsli, həmçinin ifaçılar Mətanət Azmanlı, Zərrin Əliyeva, Ümid Mustafazadə, Sabinə Həsənzadə, Fatimə Əlizadə və Ramil Abbasov çıxış ediblər.
Proqramda Emil Əfrasiyabın rəhbərliyi ilə fəaliyyət göstərən “Emil Əfrasiyab və dostları” etno-caz qrupu, Cahangir Cahangirov adına xor və Azərbaycan Milli Konservatoriyasının tələbə xoru (bədii rəhbər — Əməkdar müəllim Təranə Yusifova) iştirak edib.
Tədbir zamanı bəstəkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Proqramda bəstəkarın müxtəlif dövrlərdə bəstələdiyi, vətənpərvərlik ruhu ilə səciyyələnən, milli duyğuların və mənəvi yaddaşın incə çalarlarını əks etdirən bəstələrlə bərabər xalq yaddaşında iz salmış lirik nəğmələri və akademik janrda bəstələnmiş əsərləri də təqdim olunub.
Gecəni Azərbaycan Milli Konservatoriyasının Elm, yaradıcılıq və beynəlxalq əlaqələr mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Manafova aparıb.
Konsertin sonunda çıxış edən Əməkdar incəsənət xadimi,bəstəkar Cavanşir Quliyev yubiley tədbirləri çərçivəsində keçirilən konsertlər içində bu konsertin onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.Tədbirin təşkilində əməyi keçən Azərbaycan Milli Konservatoriyasının rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.



























