Возможно, это изображение текст
27 mart Azərbaycanda elm günü kimi qeyd edilir.
Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli sərəncamı ilə təsis edilmiş bu əlamətdar tarix Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradıldığı günə (27 mart 1945-ci il) uyğun olaraq ölkədə elmin inkişafı və alimlərin əməyinin qiymətləndirilməsi məqsədilə müəyyən edilmişdir.
Ümumi elmi təkamülü diqqət nəzərində saxlayan Azərbaycan Milli Konservatoriyası təkcə peşəkar musiqiçi kadrlar hazırlayan mərkəz deyil, həm də milli musiqi irsimizin elmi əsaslarla araşdırıldığı mühüm bir elmi ocaqdır.
Konservatoriyanın elmi fəaliyyəti əsasən Azərbaycanın zəngin musiqi mədəniyyətinin qorunması və tədqiqinə yönəlib. Burada muğamşünaslıq, aşıqşünaslıq, etnomusiqişünaslıq və müasir ifaçılıq məsələləri əsas istiqamət olaraq nəinki AMK-nın, hətta demək olar musiqişünaslıq elm sahəsi üzrə bütün respublikanın strateji marağını əks etdirir. Musiqi mənbəşünaslığının inkişafı, qədim əlyazmaların və tarixi not yazılarının müasir elmi metodlarla araşdırılması, akademik reytinqlərin artırılması, AMK-nın elmi nəşrlərinin beynəlxalq bazalarda görünməsi, eləcə də Şərq və Qərb musiqi təfəkkürünün kəsişməsində yeni nəzəriyyələrin işlənilməsi musiqi estetikası və fəlsəfəsinin qovuşma nöqtələrində gözəl nəticələr vəd verir.
AMK-da “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-təcrübi laboratoriya və “Səsin tədqiqi” elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriyalar vasitəsilə qədim alətlərin bərpası və onların səs imkanlarının elmi yolla artırılması, eləcə də xanəndə və aşıq oxumasının müasir üsullarla tədqiq edilməsi prosesi həyata keçirilir. Əldə olunan nailiyyətlər nüfuzlu elmi jurnallarda dərc edilir. AMK elmi fikrin yayılması üçün geniş platformalar təqdim edir. AMK-nın elmi dərgisi olan “Konservatoriya” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nəşrlər siyahısındadır. Bu rüblük elmi nəşrdə musiqi sənətinin müxtəlif sahələrinə aid fundamental tədqiqatlar, məqalələr və resenziyalar dərc olunur. Bundan əlavə AMK professor və müəllim heyətinin intellektual qüvvəsi ilə dərslik və metodik vəsaitlər dərc edərək onları dərhal tədris prosesinə cəlb edir. Milli musiqi alətlərinin tədrisi üçün yeni metodologiyaların hazırlanması və çapı elmi fəaliyyətin ayrılmaz hissəsidir.
Tələbə Elmi Cəmiyyətinin (TEC) fəaliyyəti də gənc tədqiqatçıların elmə marağını stimullaşdırır.
AMK beynəlxalq elmi məkana inteqrasiya edərək müntəzəm olaraq tədbirlər keçirir. “Qloballaşan dünyada musiqi ənənələri”, “ISME”, “Muğam dünyası”, “Milli musiqi alətləri: keçmişimiz və bu günümüz”, “ISTMD”, “Aşıq Əlsgərdən Ü.Hacıbəyliyə: Türk dünyasının mədəni kodları”, “MAQAM layihəsi çərçivəsində Azərbaycan muğamı sərhədləri aşarkən” və s. mövzuları əhatə edən respublika və beynəlxalq səviyyəli elmi konfrans və simpoziumlar keçirərək beynəlxalq aləmdə nüfuzlu alimlərlə canlı görüş və fikir mübadiləsi imkanı yaradır. Tarixi torpaqlarımıza möhtəşəm qayıdışımızdan sonra hər il Qafqazın konservatoriyası adını qazanmış Şuşada beynəlxalq səs gününə ithaf edilən konfrans ətrafına möhtərəm alimləri toplayır.
AMK-nın fəaliyyətində elmlə təcrübənin vəhdəti əsas prinsiplərdən biridir. Bərpa edilən qədim alətlərin dərhal ansamblda səsləndirilməsi, məsələn, qədim alətlərdən ibarət “Miras” ansamblının təcrübəsi buna gözəl misaldır.