
Bu gün Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının “Populyar musiqi və caz” kafedrasının müəllimi,fəlsəfə üzrə fəlsəfə doktoru,dosent, musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, tanınmış bəstəkar Vaqif Gərayzadənin 65 yaşı tamam olur.
Vaqif Gərayzadə uzun illər ərzində Azərbaycan musiqi sənətində özünəməxsus yaradıcılıq dəsti-xətti ilə seçilmiş, milli estradanın, caz musiqisinin inkişafına mühüm töhfələr vermiş sənətkardır.
Onun müxtəlif janrları əhatə edən zəngin yaradıcılığı, musiqiyə yenilikçi yanaşması və yüksək peşəkarlığı Azərbaycan estrada musiqisi salnaməsində xüsusi yer tutur.
Tanınmış incəsənət xadimi Vaqif Gərayzadənin fəaliyyəti yalnız bəstəkarlıq yaradıcılığı ilə məhdudlaşmır. O, həm də gənc nəslin, tələbələrinin yaradıcılıq yolunda önəmli rol oynamış, bir çox istedadlı ifaçıların formalaşmasına, sənət yolunun müəyyənləşməsinə böyük təsir göstərmişdir.
Azərbaycan Milli Konservatoriyası adından Vaqif Gərayzadəni 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik.