
8 Mart Beynəlxalq Qadınlar bayramıdır
Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.
Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur.
Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Elm, təhsil, musiqi, mədəniyyət, incəsənət və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu sübut edir.
Qadınlarımız ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir.
Qadın əbədi gözəllik, ali ruh və sevgi deməkdir.
Azərbaycan Milli Konservatoriyası olaraq elm və təhsil sahəsində öz yerini almış qadın professor və müəllim heyətini, milli musiqimizin inkişafı uğruna təhsil alan əziz tələbə qızlarımızı təbrik edirik.
8 Mart Beynəlxalq Qadınlar bayramınız mübarək.