2026-cı il 25 fevral tarixində Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə “Ənənəvi musiqi mədəniyyəti İzali Zemtsovskinin elmi konsepsiyası işığında” mövzusunda elmi konfrans keçirildi.
Elmi konfrans dünya musiqi elminin aparıcı nümayəndələrindən biri, görkəmli etnomusiqişünas alim İzali İosifoviç Zemtsovskinin 90 illiyinə həsr olunmuşdu.
İ.İ. Zemtsovski rus-amerika etnomusiqişünası, sənətşünaslıq doktoru, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi, Stanford Universitetinin (ABŞ) professorudur. YUNESKO-nun Ənənəvi Musiqi Üzrə Beynəlxalq Şurasının və Etnomusiqişünaslıq cəmiyyətinin (ABŞ) üzvü olan İ.Zemtsovski etnomusiqişünaslıq sahəsində Fumio Koizumi adına Beynəlxalq mükafatın laureatıdır. 2022-ci ildə Azərbaycan musiqi elminin inkişafında xidmətləri və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə səmərəli əməkdaşlığına görə İzali Zemtsovskiyə ADMİU-nun fəxri professoru adı verilmişdir.
Uzun müddət Leninqrad (indiki Sankt-Petertburq) Teatr, Musiqi və Kino İnstitutunun professoru vəzifəsində çalışan Zemtsovski keçmiş SSRİ-nin bir çox respublikasında, o cümlədən Azərbaycanda etnomusiqişünaslığın inkişafında yaxından iştirak etmişdir. “Azərbaycan muğamına heyranam” fikrini daim səsləndilən Zemtsovski müxtəlif xalqların musiqi folkloruna, folklor sahəsində etnik əlaqələrə, etnomusiqişünaslığın metodoloji problemlərinə dair 20-dən artıq kitabın və 500-dən çox elmi məqalənin müəllifidir.
Dünyaca məşhur etnoqrafın şərəfinə təşkil edilmiş elmi konfransda Azərbaycan musiqişünaslığının görkəmli nümayəndələri həm ilıq, xoş xatirələrini, eləcə də Zemtsovskinin nəzəriyyəsi sayəsində dünya elminə bəxş edilmiş elmi müddəalarını işıqlandıran çıxışları səsləndirdilər.
Giriş sözündə Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaş-zadə İzali Zemtsovskinin etnomusiqişünaslıq elmində tarixi əhəmiyyətindən və elm sahəsinə verdiyi tövhələrdən bəhs etdi.
ADMİU-nun rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova təbrik sözündə yubilyarı 90 illik münasibətilə təbrik edərək Azərbaycan musiqişünaslığında və elm xadimlərinin həyatında qoyduğu sizdən söhbət açdı.
Konfransda AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Rəna Məmmədova (“İ.Zemtsovskinin formulluq nəzəriyyəsinə dair”), sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Tahirə Kərimova (“İ.Zemtsovskinin ikili dünya konsepsiyasının sərhədlərinin anlamına dair”), sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədov (“Dialogikanın kommunikativ aspekti özünüdərk prizmasından”), sənətşünaslıq doktoru, Rusiya Dövlət Sənətşünaslıq İnstitutunun aparıcı elmi işçisi Gültəkin Şamilli (“Musiqi mənbələrinin yeni təsnifatı İ. Zemtsovskinin konsepsiyası işığında”), sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə (“Mənbədən gələcəyə doğru: İ.Zemtsovskinin ideyaları və Azərbaycan bəstəkar musiqisi”), sənətşünaslıq üzrə fəlsəfə doktoru Züleyxa Abdullayeva (“İ.Zemtsovskinin ikili dünya konsepsiyasının musiqi terapiyası seanslarında tətbiqi”), sənətşünaslıq üzrə magistr Məleykə Adgözəlli (“İzali Zemtsovski və Faiq Çələbiyev – elmi əməkdaşlığın və dostluğun bariz nümunəsi kimi”) məruzələrlə çıxış etdi.
Məruzələrin tam mətni “Konservatoriya” elmi jurnalında dərc ediləcək. Konfrans iştirakçıları və Amerika arasında bağlanmış onlayn görüşdə göstərilən münasibətdən təsirlənmiş alim dəfələrlə Azərbaycan musiqisi, xüsusilə də daim muğamın təsirində yaşadığını vurğuladı. Artıq bir əsrə yaxın ömür sürmüş alim Azərbaycan xalqına xüsusi sevgisini və bu görüşü reallaşdıran təşkilat komitəsinə sərhədsiz minnətdarlığını gözəl, səmimi sözlərlə ifadə etdi.


