4 fevral 2026-cı il tarixində Bakı Gənclər Mərkəzində Gənclər Evlərinin I Forumu keçirilib.

Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbovun iştirak etdiyi forumda Azərbaycan Milli Konservatoriyasının Dirijorluq kafedrasının müdiri, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Pikə Axundova, AMK-nın Milli musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi-təcrübi laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məmmədəli Məmmədov, eləcə də AMK-nın tələbələrindən ibarət “Miras” qədim musiqi alətləri ansamblı iştirak edib.

Ölkənin müxtəlif bölgələrindən 33 Gənclər evini təmsil edən 300-dən çox gənc, əməkdaş və könüllünün qatıldığı tədbirdən öncə təşkil olunmuş sərgidə “Miras” qədim musiqi alətləri ansamblının kiçik konsert proqramı təqdim edilib.

Qədim musiqi irsinin qorunması və təbliği məqsədilə yaradılmış ansamblın ifasında Səfiəddin Urməvinin motivləri əsasında “Novruz” avazı, Əbdülqadir Marağayinin “Naxış bəstə” və “Hüseyni bəstə” əsərləri, eləcə də “Heyratı” zərbi muğamı səsləndirilib (bədii rəhbər — bəstəkar Pikə Axundova, qədim musiqi alətlərinin bərpası — Məmmədəli Məmmədov).

Təqdim olunan musiqi nümunələri iştirakçılar və dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.