Xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə salnaməsində tarixiləşən günlərdən biri də 20 Yanvar — Ümumxalq Hüzn Günüdür.
Azərbaycan xalqının milli yaddaşına “Qanlı Yanvar” faciəsi kimi həkk olunan o dəhşətli yanvar gecəsindən 36 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazıldı. Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq nümunəsi kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu.
Yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və ya itkin düşdü. Fövqəladə vəziyyətin tətbiqi haqqında məlumat əhaliyə elan olunana qədər hərbçilər gecə ərzində Bakıda silahsız insanları amansızcasına qətlə yetirmiş, ölümcül şəkildə yaralamışlar. Azərbaycanı müstəqilliyə, azadlığa, istiqlaliyyətə aparan yol 20 Yanvar şəhidlərinin qanı ilə aydınlığa qovuşdu.
Bütün haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq, xalqımızın göstərdiyi böyük qəhrəmanlıq hər bir azərbaycanlını qürurlandırır.
O unudulmaz faciəli günlərdə Azərbaycanın bütün incəsənət sahələrində olduğu kimi musiqidə və ədəbiyyatda da böyük dönüş yarandı. Vətən sevgisini və müstəqillik ideyasını ifadə edən, milli-azadlıq salnaməsinə çevrilən əsərlər meydana gəldi.
Xalqımız o dövrdə Müqəddəslik Zirvəsinə ucalan, yurdun azadlıq salnaməsini qanı ilə yazan və canı ilə qazanan qəhrəmanlar sayəsində torpağın Vətən olduğunu bir daha dərk etdi.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət olunur, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları ehtiramla anır, qatillərini lənətləyir və bu faciəni törədənlərə dərin nifrətini bildirir. Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
Bu Vətən, bu Xalq heç zaman uğrunda canından keçən şəhidlərini unutmayıb, unutmur və unutmayacaq.
Azərbaycan Milli Konservatoriyası olaraq 20 Yanvar faciəsində həlak olmuş şəhidlərimizi dərin ehtiramla anırıq.
