12 yanvar 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına Böyük zalında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları ilə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə, Azərbaycan Milli Konservatoriyasının təhsil məsələləri üzrə prorektoru Nizami Əsədov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Yaşar Zeynalov, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin aparıcı metodisti Lalə Xəlilli, eləcə də Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyəti iştirak edib.

Görüşdə ilk olaraq Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə qonaqları salamlayıb. O, keçirilmiş attestasiya prosesinin əhəmiyyəti və musiqi təhsilinin inkişafındakı rolu barədə danışaraq, attestasiyanın şəffaf təşkili və qiymətləndirmənin obyektiv aparılmasının vacibliyini vurğulayıb.

Rektor bu prosesdə Azərbaycan Milli Konservatoriyasının və onun nəzdində fəaliyyət göstərən Musiqi Kolleci, eləcə də Sumqayıt Musiqi Kollecinin müəllimlərinin yaxından iştirakını xüsusi qeyd edib.

Görüşdə çıxış edən Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov komissiya üzvləri tərkibində iştirak edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə yanaşı, Azərbaycan Milli Konservatoriyasının, eləcə də onun nəzdində fəaliyyət göstərən Musiqi Kolleci və Sumqayıt Musiqi Kollecinin professor-müəllim heyətinə təşəkkürünü bildirib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi adından mədəniyyət sahəsində təhsilin inkişafına verdiyi dəstəyə görə Azərbaycan Milli Konservatoriyasına, Sumqayıt Musiqi Kollecinə və AMK nəzdində Musiqi Kollecinə ünvanlanmış təşəkkürnamə Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadəyə təqdim olunub.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Yaşar Zeynalov öz çıxışında Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsi haqqında ətraflı məlumat verib. O, regionlar üzrə attestasiya prosesinin keçirilməsi, 2026-cı ildə Azərbaycan Milli Konservatoriyasında çalışan 89 müəllimin attestasiyada iştirakı, attestasiyanın əsas şərtləri və mərhələləri barədə hazırlanmış cədvəl əsasında təqdimatla çıxış edib.

Daha sonra Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, professor Könül Hüseynova Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyəti ilə növbəti mərhələdə təqdim olunacaq sual və təkliflər ətrafında geniş müzakirələr aparıblar.

Görüşün sonunda Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə və mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasında iştirak edəcək komissiya üzvlərinə yeni mərhələdə uğurlar arzulayıblar.